Hüseynbala Səlimov
Ölkə 12:38 10.07.2018

Getdikcə nəyin kasadlığl duyulur?

Hüseynbala Səlimov

Canlı və cansız təbiət, bioloji və qeyri-bioloji sistemlər arasındakı sərhədlər hələ də qalır. Bəlkə nə vaxtsa qeyri - bioloji sistemlərin də mövcudluq şərtləri haqda yeni nəsə öyrənəcəyik. Amma hələki öz mövcudluğunu tənzimləyən və bunun üçün zəruri keyfiyyətlərə malik olan yalnız canlı dünya – bioloji sistemlərdir.

Bu mənada nə insan fərd kimi, nə də ki, cəmiyyət toplum kimi istisna deyil. Biz müxtəlif vaxtlarda ən rəngarəng və çeşidli dəyərləri – azadlığı və yaxud da rifahı, hətta hər bir insan üçün özəl məzmun kəsb edən xoşbəxtliyimizi belə təhlükəsziliyimizdən önə çəkməyə çalışsaq da, azacıq ekstremal və yaxud da fors - major situasiya yaranan kimi hər şeyi unudub dərhal ilk növbədə təhlükəsizliyimizin qeydinə qalırıq ki, bu, da təbiidir, çünki hər şey üçün, hətta azad və xoşbəxt olmaq, firavan yaşamaq üçün də öncə mövcud olmaq və özümüzün həm sosial və həm də bioloji mövcudluğumuzu təmin etmək lazım gəlir.  

Bilirəm, soruşacaqsınız ki, belə "fəlsəfi” girişə nə ehtiyac var? Amma son günlərdə elektrik enerjisi ilə bağlı yaşadığımız problemlər diqtə edir ki, məsələyə xüsusi diqqət ayıraq, çünki o, çox mühüm aspektlə- ölkənin enerji təhlükəsizliyilə bağlıdır.  

Təbii, belə hallar hər yerdə ola bilir və heç bir ölkə bundan tam sığortalanmayıb. Amma bunu adi sənaye qəzası kimi də yaşamaq düzgün deyil, çünki son bir-iki gün ərzində belə məlum oldu ki, elektrik stansiyasında baş vermiş adi texniki qəza bir neçə günün içində ölkəni tamamilə iflic edə bilər. Bizsə adi ölkədə yaşamırıq, müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarıyıq.

Ona görə də problemlə bağlı qənaətlərimizi də cari və perspektiv nəticələr kimi iki qrupa bölməliyik. İlk cari nəticə isə budur ki, istənlən, hətta texnoloji inhisar belə təhlükəlidir. Ona görə də enerji təhlükəsizliyi də alternativ şəbəkələrin yaradılmasını, bu sistemin də diversifikasiyasını tələb edir. 
Digər nəticəsə sistemdəki qulluqçu personalın məsuliyyətinin artırılmasıdır. Biz həmişə qeyd edirik ki, indiki halda milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri də korrupsioner və səhlənkar məmur və qulluqçulardır, çünki onlar bizi aldatmaqla, işlərinə məsuliyyətsiz yanaşmaqla, dövlət xərclərini təyinatı üzrə xərcləməməklə bütün ölkəyə gözlənilməz "sürpriz”lər yaşada bilərlər. 

Belə hallarda iş qınaqla, kimisə danlamaqla bitməməlidir. Adam bizim bəzi yüksək çinli məmurların, o cümlədən də bəzi nazirlərin davranışını seyr edəndə ixtiyarsız olaraq bir sual keçir beynindən: görən, daha nələr baş verməlidir ki, bəzi məmurlarımız "Mənim səhvim, səhlənkarlığım, və yaxud da cinayətim ucbatından belə hadisə baş verdi və bu səbəbdən də daha bu postda qala bilmərəm” deyə bilsinlər?.. 

Məmurlar az qala, bütün digər peşə sahibləri üçün qanunlardan əlavə hətta etik davranış kodeksləri də yazıblar. Amma onların özləri üçün də belə kodeksin yazılmasının vaxtı deyilmi? 

Məmur, hakimiyyət mənsubu olmağın özü xüsusi mədəniyyət, davranış və yanaşma tərzi tələb edir. Bunun adını nə istəyirsinizsə, qoyun və necə adlandırırsınızsa adlandırın, amma çox yerdə buna lakonik şəkildə siyasi mədəniyyət deyirlər, hansının ki, kasadlığını getdikcə daha çox duyuruq.  
Bir məmur vəzifəsindən gedəndə gündəmə elə böyük ədədlər gəlir ki, şou - biznes jurnalistlərinin çox məşhur  "ŞOK! ŞOK!” anonslarının lap yeri görünür. Həm də düşünürsən ki, həqiqətən ölkəmizin sərvəti, varı – dövləti tükənməzdir– bu qədər talayırlar, amma bitmir ki, bitmir...  

Konkret hala, Mingəçevir SES-də qəzaya gəldikdə isə, əlbəttə ki, bu, ciddi şəkildə təhlil edilməli, ümumlikdə, SES-in texniki vəziyyəti ciddi monitorinq edilməli və təxirəsalımaz işlər görülməlidir. Səhv etmiriksə, artıq prezidentin də məsələ ilə bağlı xüsusi göstərişi var və hətta müvafiq orqanlara problemi hüquqi müstəvidə araşdırmaq da tapşırılıb.

Ümumilikdə isə baş vermiş qəza bir daha enerji təhlükəsizliyi problemini gündəmə gətirdi. Bu xüsusda daha bir məsələni də qeyd etmək yerinə düşərdi. Azərbaycan əsas etibarilə karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Amma yeni enerji mənbələrinə də diqqətimiz artırmalıyıq. Söhbət təkcə sırf təbii və alternativ enerji mənbələrindən, bərpa olunan resurslardan, məsələn, Günəş və ya külək enerjisindən getmir. Ölkədə bu sahədə də müəyyən işlər görülür və bunu da təqdir etmək lazımdır. 

Amma son qəza da göstərdi ki, qeyd olunan seqment ölkənin enerji resurslarında elə də böyük çəkiyə malik deyil. Ona görə də ənənəvi enerji resurslarına, yüksək texnoloji tutuma malik modern enerji sistemlərinin yaradılmasına çalışmalıyıq. Bu istiqamətdə ilk ağla gələn təbii ki, atom enerjisidir. Niyə Azərbaycanda AES - in tikintisi haqqında düşünməyək? 

Dərhal qeyd edək ki, bir neçə il bundan əvvəl bu haqda da söhbətlər gəzirdi. Amma onlar davamlı olmadı. Halbuki AES-in tikilməsi yüksək texnoloji parkın yaranması, elmi tutumlu sənaye sektorunun formalaşması və ən başlıcası da, enerji ehtiyatlarının artması baxımından önəmli olardı.
 
Əlbəttə ki, bu, böyük məsrəf tələb edir. Amma bizim buna həm imkanımız var, həm də enerji özü sərfəli bir kapitaldı, onu digər ölkələrə də satmaq olur.
Əsas odur ki, heç bir sahədə inhisar olmasın. Həm də nəzərə almaq lazımdır ki, getdikcə enerjiyə ehtiyac artır. Məsələn, nisbətən mülayim iqlimə malik Gürcüstanda belə yay aylarında qışdakından çox enerji sərf olunur. 

Düşünürük, Azərbaycanın daha çox enerji tələbatının olduğunu əsaslandırmağa ehtiyac yoxdur– həm istehlakçıların sayı qat-qat artıqdır, həm də ki, sənaye sektoru daha güclüdür. O səbəbdən daha çevik qərarlar qəbul etməli, strateji planlaşdırmaya diqqəti artırmalıyıq – təkcə bugünün deyil, həm də sabahın çağırışları haqqında düşünmək lazımdır. 

Qeyd edək ki, qardaş Türkiyədə də AES-in tikintisinə start verilibdi. İran isə artıq bu sahədə müəyyən təcrübəyə də malikdir.
 
Düzdür, AES daha çox diqqət və həm də məsuliyyət tələb edir və diqqətli oxucu da mənə etiraz edə bilər ki, heç bizim məmurlara da AES etibar etmək olarmı – bir günün içində ölkəni fəlakətə sürükləməzlərmi? 

Cavabımız bu olacaq ki, cəmiyyət məmurlara baxıb istiqamət götürməməlidir, əksinə məmurlar dünyadakı inkişafa, təcrübəyə və tərəqqiyə baxıb bundan özləri bir nəticə çıxarmalıdırlar, əks təqdirdə onlar haqqında hüquq-mühafizə orqanları, bu da olmasa, cəmiyyət nəticə çıxarmalı olacaq...