Ekonomiks 14:28 16.04.2014

GMO insan sağlamlığı üçün ciddi təhlükədir - ARAŞDIRMA

Geni Modifikasiya Olunmuş Orqanizmlər (GMO) ifadəsini tez-tez eşidirik. Və yəqin ki, çoxlarımız da “GMO nədir?” sualının cavabını bilmirik. GMO-nun ziyanlı olub-olmaması barədə ciddi mübahisələr aparıldığı halda, milyonlarla insan həmin məhsullardan istifadə edir. Lakin GMO-nun yetişdirilməsi və qidalanmada istifadə edilməsi çox risklidir. GMO qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdəndir desək, yanılmarıq. Onu, hətta ərzaq terrorizmi də adlandırırlar. 

GMO nədir?

GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. İlk GMO 1973-cü ildə Salmonella genlərinin E.Coli bakteriyasına köçürülməsi nəticəsində alınıb. 1983-cü ildə transgen bitki, 1987-ci ildə transgen heyvan yaradılıb, 1996-cı ildən isə GMO (pomidor) bazara çıxarılıb. Dünyada əsas becərilən GMO bitkiləri qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, raps, yonca, kartof, düyü, pomidor, tütündür. Hazırda 120-dən artıq ən müxtəlif kənd təssərrüfatı bitkilərində genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Bunun 64-ü son məlumatlara görə, təsərrüfatlarda tətbiq olunur. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. GMO ən çox inkişaf etmiş ölkələrdə becərilir. ABŞ, Çin, Hindistan və Kanadada GMO əkin sahələri milyon hektarlarla ölçülür. Avropa Birliyi ölkələrindən Portuqaliya, İspaniya, Çexiya, Slovakiya və Rumıniya, Afrika qitəsində Misir, Sudan, Cənubi Afrika və Burkino-Faso GMO becərən ölkələrdir. ABŞ və Avropada transgen məhsullar ayrıca satılır və diqqətlə markalanır. Artıq 20 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli GMO-dan isifadə edir. GMO istehsalının zərərli təsiri ilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, Çin və bir çox inkişaf etməkdə olan dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını ümumiyyətlə qadağan edib.

Azərbaycanda GMO-ya nəzarət mexanizmi necədir?

Ölkədə Genetik Modifikasiya olunmuş bitkilərə nəzarəti Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət Ekspert Şurası həyata keçirir. GMO bitkilərinin təyini AMEA Genetik Ehtiyatlar İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtisaslaşmış laboratoriyalarında həyata keçirilir. İnzibati xətalar məcəlləsində edilmiş dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə - fiziki şəxslər üç min manat, vəzifəli şəxslər on min manat, hüquqi şəxslər isə əlli min manat cərimələnirlər.

Azərbaycana GMO-ların gətirilməsi qadağandır

Qanunvericilikdə GMO-nu tənzimləyən qanun olmasa da, Azərbaycana GMO gətirilməsi qadağandır. Lakin müxtəlif qanunlardakı maddələr bu məsələni qismən tənzimləyir. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunun 6.5-ci maddəsində göstərilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında GMO-dan istifadə edilməsin. Qanunun 19.9-cu maddəsində göstərilir ki, alıcıların seçim hüququnu təmin etmək məqsədilə satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində o məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqda məlumatlar göstərilməlidir. Qanunun 18.4-cü maddəsində isə deyilir ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqda məlumatlar əksini tapmalıdır. ”Toxumçuluq haqqında" qanunda da göstərilir ki, Azərbaycana GMO toxumların gətirilməsinə yol verilmir. 

2012-ci ilin fevralında qəbul olunan “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsi ilə Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağan olunub. Bu sənədə əsasən, GMO bitkilər qanundan kənardırlar. GMO bitkilərin gətirilməsi, rayonlaşdırılması və Dövlət Reyestrinə salınması qadağan edilir. 

Bu yaxınlarda Azərbaycan Nazirlər Kabinetində Geni Dəyişdirilmiş Məhsullarla (GMO) bağlı yeni qərar qəbul edildi. Baş nazir Artur Rasizadə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərara dəyişikliklər edilməsi haqqında qərar verib. Edilən dəyişikliklər ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədardır. Bundan sonra respublikaya idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstəriləcək. Həmçinin, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar əks olunacaq.

Vahid Əhmədov: “Qanunvericilik GMO məhhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də...”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov  bildirib ki, qanunvericilik GMO məhhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də, hazırda əhalinin istehlak etdiyi ərzaq və meyvə-tərəvəzin böyük əksəriyyəti xarici ölkələrdə yetişdirilmiş GMO məhsullarıdır: “Azərbaycanda genetik motifikasiya olunmuş məhsulların Azərbaycan bazarında bu şəkildə geniş yayılması həm də milli təhlükəsizlik məsələsidir. Bu problemlə mübarizəni təkcə dövlət orqanlarının üzərinə atmaq düzgün deyil. Cəmiyyət də bu sahədə fəal olmalı, geni dəyişdirilmiş məhsullardan imtina etməlidir”.

Onun sözlərinə görə, son illər bu məhsullara qarşı mübarizə tədbirləri gücləndirilsə də, hələ ki, lazımi nəticə əldə olunmayıb: “İnsan sağlamlığı üçün ciddi təhlükə yaradan GMO məhsullarının Azərbaycana daxil olmasının qarşısının alınmasında əsas yük Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə düşür. Komitə sərhəd-gömrük məntəqələrində Azərbaycana daxil olan məhsulların keyfiyyətini ölçmək üçün xüsusi laboratoriyalar quraşdırmalıdır. Bu məsələ qanunda da əksini tapıb. Məndə olan məlumata görə, artıq belə laboratoriayaların alınması istiqamətində müəyyən addımlar atılır. Ancaq işlər sürətləndirilməlidir ki, ölkənin ərzaq təhlükəsizliyini, insanların sağlamlığını qoruya bilək”.

Millət vəkili əhalinin ekoloji təmiz məhsulla təminatının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən müvafiq proqramın təsdiqləndiyini də xatırladıb: “Həmin proqramın başlıca məqsədlərindən biri GMO məhsullarının Azərbaycana ixraçının qarşısının alınmasından ibarətdir. Həmçinin əhalinin ekoloji təmiz məhsulla təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları qarşısında vəzifələr qoyulub. Əslində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üvlüyünün yubanması bu mənada ölkəmizin xeyrinədir. Çünki beynəlxalq öhdəliyə görə bu təşkilata üzv olan ölkələr ümumiyyətlə məhsulların ixracına və yerli bazarlarda satışına qadağa qoya bilməz. Ona görə də nə qədər ki, Ümumdünya Ticarət Təşkilatına qəbul olunmamışıq biz özümüzü ekoloji təmiz məhsullarla təmin etməliyik. Həmçinin əhali də anlamalıdır ki, xaricdən gətirilən məhsulların genetik keyfiyyəti onların sağlamlığına ziyandır və heç kəs bu məhsulları almamalıdır. Biz Ümumdünya Ticarət Təşkilatına qəbul olanadək bu məsələləri həll etməliyik”.

V. Əhmədov qeyd edib ki, GMO məhsullarının Azərbaycana idxal olunması üçün həm daxildən, həm xaricdən, həm də müəyyən beynəlxalq təşkilatların maraqları olduğu üçün heç kim bu məsələ ilə ciddi məşğul olmaq istəmir: “GMO məhsulların Azərbaycan bazarında  geniş yayılması həm də milli təhlükəsizlik məsələsidir və bu problemlə mübarizəni təkcə dövlət orqanlarının üzərinə atmaq atmaq düzgün deyil.

“Azərbaycan bazarları, mağazaları, geniş çeşiddə Geni Modifikasiya Olunmuş məhsulların əsirinə çevrilib”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova görə isə Azərbaycanda kifayət qədər genetik modifikasiya olunmuş (GMO) orqanizmlərdən ibarət olan ərzaq malları nəinki satılır, hətta əkinçiliyə tətbiq olunur: “AİB-in apardığı tədqiqatlar zamanı Azərbaycanda satılan kartofların, günəbaxanların, pomidorların, qarpızların, demək olar ki, böyük bir hissəsinin GMO məhsulları olduğu aşkarlanıb. Azərbaycan GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmasının qarşısının alınması üçün üzərinə öhdəlik götürsə də təəssüf ki, Azərbaycanda GMO məhsullar nəzarətdən çıxıb. Demək olar ki, Azərbaycan da artıq GMO-nun əsiridir".

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev də Azərbaycanın GMO əsirinə çevrildiyini təsdiqləyir: “Nazirlik tərəfindən toxumların aşkara çıxarılması ilə bağlı monitorinqlər nəticəsində bu qəbildən olan toxumların əkilmədiyi məlum olub. Amma Azərbaycan bazarları, mağazaları, geniş çeşiddə geni modifikasiya olunmuş məhsulların əsirinə çevrilib və belə məhsullara iri ticarət mərkəzlərində, bazarlarda rast gəlinir. Demək olar ki, Azərbaycan bazarları müxtəlif yollarla gətirilən GMO məhsulları ilə doludur. Bu məhsullar bazara açıq şəkildə daxil olur”. 

Dövlət Komitəsi: “Hazırda Azərbaycanda GMO məhsullarını üzə çıxaran laboratoriya var”

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, Komitənin Sınaq-Təcrübə Mərkəzində tərkibində geni modifikasiya olunmuş məhsulların olmasını müəyyən etmək üçün laboratoriya qurub: “Hazırda Azərbaycanda GMO məhsullarını üzə çıxaran laboratoriya da var. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yeni istifadəyə verilən laboratoriyadır. Bundan sonra laboratoriyada mütamadi olaraq sınaq aparılacaq. Bu laboratoriyada istər kimyəvi, istərsə də GMO ilə bağlı məhsulları sınaqdan keçirmək mümkündür”.  

Onu da qeyd edək ki, Kənd təsərrüfatı məhsulları və ərzaq malları idxalı artmaqda davam edir. Belə ki, 2013-cü ildə idxal mallarının dəyəri 2012-ci ilin idxal göstəricilərinə nisbətən 10,95 faiz artıb. 2012-ci il ərzində ölkəyə 9,6 milyard dollar dəyərində mal idxal olunmuşdusa, ötən il həmin göstərici 10,7 milyardı aşıb. Yeyinti məhsullarının idxalı da əvvəlki illə müqayisədə 7,34 faiz artaraq ümumi idxalın 10,75 faizini təşkil edib. 2013-cü ildə ixrac olunan malların çeşidlərinin sayı 2111 ədəd olduğu halda idxal olunan malların çeşidinin sayı 6159 ədəd təşkil edib. Əsas ərzaq malları hesab olunan ərzaq buğdası, un, ət, süd, balıq, şəkər və digər məhsulların idxalı əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də xeyli artıb. Buğda unu idxalı 2012-ci ildə 6,1 milyon dollar dəyərində olduğu halda 2013-cü ildə 17,9 milyon dollara qədər artıb. İdxal olunan ərzaq buğdasının dəyəri 2012-ci ildə 339,8 milyon dollar olduğu halda 2013-cü ildə 16,32 faiz artaraq 395,2 milyon dollar təşkil edib. Əvvəlki ilə nisbətən ət kəsimi üçün diri heyvanların idxalı 47,8, süd idxalı 35,52, balıq və xərçəngkimilər idxalı 31, şəkər idxalı 14,77 faiz artıb. Bir çox mal və məhsul üzrə idxalın həcminin artması ərzaq təhlükəsi yaradır. Əlbəttə ki, idxal olunan məhsulların içərisində GMO məhsullarının olması da istisna edilmir. 

“Bu məhsullar asanlıqla seçilir”

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə bu məhsullar asanlıqla seçilir: “Məsələn, almanın, heyvanın, üzərində heç bir çopur, qurd yeri yoxdursa bu böyük ehtimalla  geni dəyişdirilmiş məhsuldur. Bu məhsulları zahiri görünüşünə, dad xüsusiyyətinə, uzun müddət xarab olmamasına görə biz artıq zahirən seçə bilirik”.

O bildirib ki, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər, bəzi növ uşaq qidalarıdır. 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev  isə hesab edir ki, Azərbaycanda “GMO məhsullar haqqında” qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil: “Bu məsələdə hər hansı qadağa və ya tənzimləyici norma olmadığı üçün tələb də irəli sürmək mümkün deyil. Azərbaycanda bu sahədə tezliklə qanun qəbul olunmalıdır”.

AMEA: GMO məhsullarının dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması və markalanması zəruridir.

Elə bu yaxınlarda AMEA Rəyasət Heyətinin iclasında da GMO məhsuları haqda AMEA İnsan Hüquqları İnstitutunun Bioetika və tibbi hüquq şöbəsinin müdiri Vüqar Məmmədov məlumat verib.  

V. Məmmədov dünya alimlərinin bu məhsullara münasibətinin birmənalı olmadığını bildirib: “GMO-nun ziyanlı olub-olmaması barədə ciddi mübahisələr aparıldığı halda milyonlarla insan həmin məhsullardan istifadə etməkdədir. Genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur. GMO məhsullarının dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması və markalanması zəruridir”.

O əlavə edib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə institutda sağlamlıq hüququ, ekoloji təhlükəsizlik, genetik modifikasiya olunmuş orqanizmlər, ərzaq və qida təhlükəsizliyi istiqamətində elmi araşdırmalar davam etdiriləcək, Azərbaycan qanunvericiyinə təsbit olunmaq üçün müvafiq təkliflər hazırlanacaq, iş adamları və s. arasında maarifləndirmə, təbliğat xarakterli tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.

Artıq hamıya məlumdur ki, Azərbaycanda da GMO məhsullar bazarlarda və marketlərdə mövcuddur. Məhsulun GMO olması barədə üzərində müvafiq etiket olmalı olduğu halda, buna əməl olunmur. Ona görə təkcə əlac ona qalır ki, bazara gedərkən gözəl görünüşlü, iri və parlaq xarici meyvə və ya tərəvəz əvəzinə, zədəli, bir o qədər də gözəl görünməyən məhsullar alınsın.

Gülnar BƏŞİROVA