Ölkə 16:47 09.01.2019

Gömrük Komitəsi sahibkarların ittihamına cavab verdi (AÇIQLAMA)

Bu gün Qaynarinfo-da Dövlət Gömrük Komitəsinin süni maneələri ilə üzləşdiyini deyən sahibkarların prezident İlham Əliyevə müraciəti dərc olunub. Artıq komitə sahibkarların məktubunda yer alan ittihamlara münasibət bildirib.

Qaynarinfo həmin məlumatı təqdim edir:

"Yanvarın 9-da bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu tərəfindən imzalanan müraciətdə həmin şəxslər ötən ilin dekabr ayının 23-də Rusiya Federasiyasından ölkəyə kartof idxal etdiklərini və bu məhsulun guya gömrük orqanları tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını və təhvil verilmədiyini iddia edir.

Qeyd edək ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal NB GROUPMMC tərəfindən ölkəyə gətirilib. Müraciətlərində şirkətlərini "rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri" kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin NB GROUP MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür.

Qərardaddan aydın olur ki, NB GROUP ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə NB GROUP MMC–yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib.

Həmin iddia ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadda qeyd edilir ki, cavabdeh NB GROUP MMC tərəfindən gömrük nəzarəti orqanlarında iddiaçının istifadəsində müstəsna hüququ olan NB GROUP ASC-nin oxşarı adı altında Azərbaycan Respublikasına idxal və ixrac olan malların keçirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin, həmçinin "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulsun.

Göründüyü kimi, gömrük orqanları məhkəmənin Qərardadını icra edib. Məhkəmənin qərarını icra etmək isə inhisarçılığa şərait yaratmaq demək deyil".