Ölkə 22:05 15.09.2013

Gömrükdə baş redaktordan nə qədər rüşvət aldılar?

Fikrət Fəraməzoğlu: "Gürcüstandan gətirdiyim maşına görə məndən boynuma minnət qoyub, "rüsum" olaraq 7500 manat aldılar"

Jurnalist Araşdırma Mərkəzinin (JAM.AZ) rəhbəri Fikrət Fəraməzoğlundan Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsində Gürcüstandan gətirdiyi avtomobilə görə 7500 manat "rüsum» alınıb. Bu barədə baş redaktor özü mediaya məlumat verib.

Fəraməzoğlu bildirib ki, Gürcüstandan özü üçün «Mersedes» markalı avtombil gətirdikdən sonra onun ölkədə sürülməsini rəsmiləşdirmək üçün Avtonəqliyyat Gömrük İdarəsinə müraciət etməli olub: "Gətirdiyim maşın Almaniya istehsalı olub, motorunun gücü isə 3500 kub santimetr təşkil edir. 2005-ci il istehsalı olan bu maşın üçün müraciət etdiyim İdarədə mənə bildirdilər ki, bunun üçün tələb olunan gömrük rüsumu 9000 manat təşkil edir. Bunun çox olduğunu dedikdə isə cavab olaraq vurğuladılar ki, jurnalist olduğunu nəzərə alaraq qiyməti aşağı sala bilərlər. Onlara izah etdim ki, mən maşın alverçisi deyiləm və avtomobili də şəxsən özüm üçün gətirmişəm. Bura ilk dəfədir yolum düşür və bundan sonra da yolum düşəcəyi gözlənilmir. Qanuni rüsum nə qədərdirsə, onu ödəməyə hazıram. Amma buna əhəmiyyət belə vermədilər. Bildirdilər ki, yalnız 1500 manat güzəşt edə bilərlər. Sonra da qapını göstərib dedilər ki, «çıxa bilərsən».  Sanki bazardayıdım və «sövdələşmə» də 7500 manat ödəməyimlə yekunlaşdı".

Baş redaktor bildirib ki, Avtonəqliyyat Gömrük İdarəsinin rəsmisi Gündüz adlı şəxslə söhbət edib. «Qiymətləndirmə» adlanan otaqda aparılan danışıqlardan sonra ona xəbərdarlıq edilib ki, əgər gömrük rüsumu vaxtında ödənilməsə, maşın üçün hər gün 100 manat cərimə yazılacaq: «Sözün həqiqi mənasında biabırçı bir vəziyyət yaşanırdı. Mən özümü gömrük idarəsində deyil, hansısa bazarda meyvə-tərəvəz alan kimi hiss edirdim. Həqiqətən də, Gürcüstandan gətirdiym avtomobilin dövlət rüsumu 9000 manat idisə, o zaman niyə 7500 manat ödəməklə proses yekunlaşdırdılar? Aydın məsələdir ki, məndən alınan rüşvətdən başqa bir şey deyildi. Üstəlik, pulu aparıb kassaya verdikdən sonra nə çek verdilər, nə də hansısa bir sənəd. Sadəcə, bildirdilər ki, növbə götürüb gözləyim».

Fikrət Fəraməzoğlu qeyd edir ki, Gömrük Komitəsinin saytında ölkəyə gətirilən avtomobillər üçün nəzərdə tutulan hesablama kalkulyatorunda motorun gücü 3500 kub sm olan maşın üçün nəzərdə tutulan rüsumun 6680 manat olduğu göstərilir. «Həmin kalkulyator üçün də maraqlı bir fırıldaq işlədiblər. Saytda maşının istehsal ili göstərilmir. Halbuki xaricdən gətirilən avtomobilin motorunun gücü ilə yanaşı, həm də onun istehsal ili əsas götürülür. Amma Avtonəqliyyat Gömrük İdarəsində qiymətləndirmə orada əyləşən şəxslərin istəyinə uyğun olaraq müəyyən edilir».

Baş redaktor sonda Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevə də müraciət edib:  «Mən zənn etmirəm ki, Aydın Əliyev kasıb adamdır və onun avtomobilə ehtiyacı var. Heç Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynovun da mənim maşınıma ehtiyacı yoxdur. Çünki idarə rəsinin sürdüyü maşın 2013-cü il istehsalı olan «Range Rover»dir. Əgər həqiqətən Aydın Əliyevin maşına ehtiyacı varsa, o zaman faktiki olaraq gömrük qeydiyyatından keçirdiyim avtomobilimi ona verməyə hazıram. Ümid edirəm ki, sözügedən idarədə baş verən özbaşınalıqlara son qoyulması üçün tədbir görüləcək. Çünki bu vəziyyətdən əziyyət çəkən təkcə biz deyilik. Ora hər gün yüzlərlə insan gəlir və hamısı da eyni aqibətlə üzləşirlər. Bu biabırçılığa son qoymağın vaxtı çoxdan çatıb».

Qaynar.info