Texnologiya 11:03 03.06.2018

"Google" hərbi layihədən çıxır: Pentaqona yox dedilər

"Google" Pentaqon ilə birlikdə çalışdığı layihənin vaxtını uzatmamaq barədə qərar qəbul edib.

Qaynarinfo Gizmodo-ya istinadən xəbər verir ki, "Maven" adlı 18 aylıq layihənin müddəti 2019-cu ildə bitir və müqavilə yenilənməyəcək. Layihə çərçivəsində "Google" Pentaqona "drone"ları analiz edən süni intellekt sistemi ilə kömək edirdi. 

Daha əvvəl "Google"ın işçiləri "Maven"ə etirazlarını nümayiş etdirmiş, şirkətin hərbi layihələrdə yer almamasını tələb etmişdi. Layihəyə qarşı təşkil edilən imza kampaniyasında 4 min işçi səs vermiş, bəziləri hətta istefa vermişdi. Son olaraq şirkət rəhbərliyi işçilərlə iclasın nəticəsi olaraq "Maven"dən imtina etdiyini açıqladı.

Qeyd edək ki, bu layihənin hazırkı dəyəri 15 milyon dollardır, lakin gələcəkdə 250 milyona qədər yüksəlməsi gözlənilirdi.

Gülşən