Ekonomiks 14:18 15.04.2018

"Güc mərkəzləri xalqın qanı üzərindən bir-birlərinə mesaj verirlər" (ŞƏRH)

Dünya dövlətləri arasında baş verən gərginliklər, Suriyanı döyüş meydanı seçən ABŞ, Rusiya, Avropa, Türkiyə, İran və İsrailin "güc göstərisi” hər kəsdə "3-cü dünya müharibəsi” qorxusunu yaradıb. Son günlər "döyüş meydanı”nda hərarətin daha da yüksəlməsi, şərhlərə görə, razılaşdırılmış və məqsədli şəkildə cümə gününə salınmış hücumun həftənin bazar ertəsi iqtisadiyyata nə kimi təsirləri olacağı sual altındadır. Qeyd edək ki, hücumun həftəsonuna planlaşdırılmasının səbəbi bütün dünyada birjaların bağlı olması, səhm, valyuta, təbii resurslar bazarının hücuma tez reaksiya verə bilməməsi, dünya iqtisadiyyatında dalğalanmanın qarşısının alınmasıdır. 
 


Qaynarinfo dünyanın siyasi müstəvisində baş verənləri politoloq Natiq Cəfərlinin şərhi ilə sizə təqdim edir: 

 
Suriyada "hibrit müharibə” gedir, böyük dünya gücləri bu torpaqlarda öz geosiyasi, geoiqtisadi maraqları uğrunda savaşır, silahlarını yoxlayır, bir-birinə güc göstərirlər. ABŞ, Rusiya, Avropa, İsrail, Türkiyə, İran – bütün bu beynəlxalq və regional güc mərkəzləri Suriya xalqının qanı üzərindən bir-birlərinə mesaj verirlər. Amma bu idarəolunan xaosdur, danışılmış münaqişədir, hər bir addım öncədən böyük güclər tərəfindən razılaşdırılır, xəbərdarlıqlar olunur, böyük münaqişədən hər kəs qaçır.

Son günlərin xronologiyası: 

1 . Tpamp açıq şəkildə "raketlər gələcək, hazırlaşın”, mesajını verdi - bu mesaj bağlayıcı idi, ardından real addımlar olmasa Trampın, onsuz da zəif olan reytinqi lap düşəcəkdi;

2. Rusiya publik cavab verdi ki, əgər bizim hərbi bazalarımıza, hərbi obyektlərimizə ziyan dəysə, cavab tədbirləri görəcəyik;

3. Makron və Tereza Mey də öncədən Suriyanı vura biləcəklərini açıqladılar - hər iki siyasi liderə daxili siyasətdə reytinqlərini qaldırmaq çox vacib idi, Suriya məsələsi bunun üçün ideal müstəvidir; 

4. İran da bəyan etdi ki, əgər mənim hərbi güclərimə ziyan dəysə, Suriyada olan ABŞ maraqlarını vuracaqlar - bu ölkədə ABŞ-ın açıq və gizli 20 hərbi obyekti var;

5. İsrayil yenə də heç kimi vecinə almadan istədiyi an, istədiyi obyekti vuraraq, bölgənin "ərköyün uşağı” olduğunu göstərdi; 

6. Türkiyə yenə də öz səhv addımlarının girovuna çevrildi - Rusiya ilə, İran ilə bir neçə gün öncə birgə olduğunu göstərdi, indi isə hər iki ölkənin ciddi narazılığına səbəb olan Qərbin raket zərbələrini dəstəklədi, məmnunluğunu ifadə etdi. ABŞ-a, Avropaya gücü çatmayan, əli yetməyən Rusiya da, İran da bunu zəif nöqtələri çox olan Türkiyəyə bağışlamaya bilər.

Son 24 saatın xronologiyası: 

1. ABŞ və Avropa öncədən Suriyada hansı obyektlərin vurulacağını gizli kanallarla Rusiyaya bildirdilər. Suriya hökuməti həmin obyektlərdən canlı qüvvəsini və lazım olan avadanlıqlarını öncədən təxliyyə etdi;

2. Ümumilikdə 110 raket atıldığı deyilir, hər bir raketin qiyməti 9 mln. dollardır, deməli təxminən 1 mlrd. dollarlıq raket atılıb, Suriya ordusundan bir nəfərin burnu belə qanamayıb;

3. Danışılmış hücumun 5-ci gündən 6-cı günə keçən gecə olması çox mənadardır - bütün dünyada birjalar bağlı olur, səhm, valyuta, təbii resurslar bazarı hücuma həmən reaksiya verə bilmir, dünya iqtisadiyyatında dalğalanmanın qarşı alınır. Növbəti birja gününə hələ 48 saata yaxın zaman var, ona qədər gərginliyin azalması, dilin-üslubun dəyişməsi baş verəcək ki, kəskin dalğalanmalar olmasın. Amma həftənin 1-ci günü birjalarda bu olayın təsirləri mütləq olacaq.

Suriya nədən bu günə qaldı

Səbəblər: 

1. Ölkə uzun illərdir bir ailənin idarəetməsi altındadır, bütün sivil, dünyəvi siyasi təşəbbüslər beşikdəcə boğulurdu, boş qalan ortamı dini cərəyanlar tuturdu; 

2. Əsəd ailəsi BƏƏS partiyası üzərində hekayə qururdu, dini radikallığın qarşısını etnik, sekulyar millətçiliklə almağa çalışırdılar. Amma millətçilik o zaman effektiv olur ki, etnik köynəkdən çıxır, "vətəndaş millətçiliyinə” çevrilir və cəmiyyətdə liberal, sol, demokrat düşüncələin də sərbəst dolaşmasına imkan yaradır. Bu imkan məhv olduqda "etnik BƏƏS millətçiliyi”, əsasən "ümmət” düşüncəsi üzərində qurulan radikal dini cərəyanlara uduzmağa məhkum oldu; 

3. Ölkədə sosial, siyasi, hüquqi ədalətsizlik ərşə çıxdı - ədalətsizlik isə həmişə, hər yerdə radikalizm doğurur. Təhsilli cəmiyyətlədə bu "sol radikalizm”, təhsil səviyyəsi az olan yerlərdə isə "dini radikalizm” şəklində ortalığa çıxır.

Nəticələr: 

1. Cəmi 7 il öncə, "biz müstəqil, azad siyasət aparırıq”, deyən Əsəd Suriyasının nə azadlığı qaldı, nə müstəqilliyi. Rusiyanın, İranın marionet rejiminə çevrildilər, ölkəyə nəzarəti itirdilər, xalqı bədbəxt, rəzil günə qoydular; 

2. ABŞ və Avropa öz maraqlarını önə çəkərək Suriya üzərindən digər ölkələr təsir etməklə geniş "istehlak toplumu” yaratmaq layihəsinə start verdilər. Demokratiya, insan hüquqları ancaq bəhanədir, təbii resurslar da artıq əhəmiyyətli deyil, zatən Suriyada böyük həcmdə nə neft var, nə də qaz. Qərbin məqsədi Suriyanın coğrafi üstünlüklərindən, tarixi çəkisindən, Ərəb sekulyarizminin mərkəzi olmaq özəlliyindən istifadə edərək Şimali Afrikadan başlayan, Suriya və İraqda bitən böyük bir coğrafiyada potensialı yüksək olacaq, 1 mlrd. insanı əhatə edəcək yeni "istehlak bazarı” yaratmaqdır. Dünya iqtisadiyyatının artım tempi üçün yeni, xam bazarlar çox vacibdir; 

3. Rusiya öz sərhədlərindən uzaq son qalasını - Suriyanı itirmək, qlobal oyundan kənar qalmaq istəmir. Son hərbi bazaları, Aralıq dənizinə çıxış imkanlarını sona qədər qorumağı düşünür. Bunun üçün hər şey edəcək, hətta günün birində Əsədi də qurban verəcək; 

4. İran "böyük şiə kəmərinin” əsas bağlayıcı həlqəsı olan Suriyada mövqelərini itirmək istəmir, bu həlqəni itirmək İran-İraq-Suriya-Livan bağının, kəmərinin tam qırılması demək olacaq. Buna görə də İran Suriyadan asanlıqla vaz keçməyəcək; 

5. İsrailin isə əsas vəzifəsi məhz bu "şiə kəmərini” dağıtmaqdır, bunun üçün əsas hədəfi Əsəddir və İranın Suriyadan çıxarılmasıdır; 

6. Qardaş Türkiyənin son 15 ildə apardığı səhv xarici siyasət bu ölkəni çox təhlükəli və təzadlı duruma salıb - bir tərəfdən Suriyanın torpaq bütünlüyünü müdafiə etməlidir ki, "Kürdüstan” yaranmasın və bunun üçün də Əsadin qalması lazımdır, digər tərəfdən isə Əsədin getməsini istəyir ki, Suriyada "sünni hökumət” qurulsun. Bir tərəfdən Rusiya və İranla müttəfiqlik qurmağa çalışır - digər tərəfdən isə Qərbin atdığı addımlar Türkiyə tərəfindən dəstəklənir. Ağır vəziyyətdir, ümid edirəm ki, qardaş ölkə burdan üzüağ çıxacaq.

Qısası: Qərbin, Rusiyanın Suriyada etdikləri vəhşiliklər, qanunsuzluqlar nəticədir, səbəb isə 60 ilə yaxındır bu tarixi, gözəl tarpaqlarda bir ailənin hegamon olmağa çalışması, öz maraqlarına görə cəmiyyətin və xalqın gələcəyini məhv etməsidir..."
 

Dünya iqtisadiyyatında baş verəcək bu dalğalanmanın ölkəmizə nə kimi təsiri olacağı əminliklə deyilə bilməsə də, politoloqun ötən şərhlərindən birində neftin qiymətinin 70 dollar civarında olduğu müddətdə manatın məzənnəsində ciddi dəyişikliyin olmayacağı da söylənmişdi. 

Nərmin Həsənli