Dünya 21:35 09.06.2018

Gülnarə Kərimovanın pullarının taleyi bəlli oldu: geri qaytarılır

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarına yerləşdirdiyi 800 milyon frank (810 milyon dollar) vəsaitin ölkəyə qaytarılması ilə bağlı məhkəmə iddiası təmin edilib. 

Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı Özbəkistan və İsveçrə hökumətləri arasındakı siyasi danışıqlar da başa çatıb. 

İsveçrəli məmurlardan birinin "Azadlıq” radiosunun Daşkənd bürosuna verdiyi açıqlamaya görə, rəsmi Bern Gülnarə Kərimovanın adına hesaba qoyulmuş pulların tezliklə Özbəkistan hökumətinə qaytarılmasında maraqlıdır. 

"Müzakirələr kifayət qədər uzun sürdü.  Məlum olduğu kimi, həmin pullarla bağlı bir neçə tərəf müraciət edib. Əgər birinci tərəf Özbəkistandırsa, ikincisi ABŞ, üçüncüsü  "Zeromax” kredit təşkilatıdır.  ABŞ-ın Ədliyyə Nazirliyi  təsdiq edir ki, Kərimova və  onun tərəfdaşları  ABŞ  dolları ilə maliyyə fırıldaqçılığı törədiblər. ABŞ bank sistemindən istifadə edərək, bu pulların bir qismini ala bilər. "Zeromax” kreditorları isə ittihamı hələ sübuta  yetirə bilməyib.  Bu şirkətin əsl sahibi Kərimova olduğundan onların bu pulların heç olmasa, bir hissəsini belə almaq şansı yoxdur”-isveçrəli məmur belə deyib. 

Xatırladaq  ki, 20-dən artıq Avropa şirkəti İsveçrədə qeydiyyatdan keçmiş  və Gülnarə Kərimovanın sahibi olduğu "Zeromax”  GmmH (Zeromaks) şirkəti ilə Daşkənddə Forum Sarayı, eləcə də  "Bunyodkor”  stadionu kimi böyük  obyektlərin inşası ilə bağlı müqavilə imzalayıb.  Həmin şirkətlər dondurulmuş  aktivlərdən  kreditlər üzrə borcun alınması haqqında iddia qaldırıb. 2010-cu il oktyabrın 28-də özünü müflis elan etmiş "Zeromax” GmbH  şirkəti  Avropa şİrkətlərinə 5 milyard ABŞ dolları borc ödəməlidir.  "Zeromax”ın sabiq icraçı direktoru Murodil Cəlilov hazırda Özbəkistanda həbsdədir. 

"Azadlıq"  xəbər verir ki,  İsveçrə hökuməti dondurulmuş pulun əsl sahibinin  Özbəkistan olduğu qənaətinə gəlib.  Özbəkistandakı  hakimiyyət  dəyişikliyi  həmin pulları ölkəyə qaytarmaq üçün həm hüquqi, həm də mənəvi  əsas yaradır.

"Özbəkistanın yeni prezidenti özünü islahatçı kimi göstərir.  ABŞ-a səfəri zamanı Ağ Ev onun ölkədə islahatlar aparmasını yüksək qiymətləndirib. Rəsmi Daşkənd  bu məsələyə İsveçrədən olan zəngin iş adamlarını lobbiçi kimi cəlb edib. Bu isə Özbəkistan hökumətinə Gülnarənin pullarını  geri almağa  kömək edəcək”,-deyə İsveçrə rəsmisi bildirib. 

"Azadlıq” radiosunun mayın 25-də Gülnarə Kərimovanın  istintaqı və  cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı İsveçrə Prokurorluğuna  göndərdiyi  suallara təfərrüatlı cavab verilməyib. Prokurorluq  yalnız  "Cinayət işinin araşdırılması davam edir” cavabı ilə kifayətlənib.

"Azadlıq” radiosunun  İsveçrə hökumətinə yaxın mənbədən əldə etdiyi məlumata görə,  Daşkənd və Bern arasında əldə edilmiş razılaşmadan asılı olaraq Gülnarə Kərimovanın pulları  Özbəkistan hökumətinə məhkəmə qərarı olmadan da qaytarıla bilər.