Ekonomiks 16:25 31.01.2018

Gündə 12 saat iş, ayda 300 manat maaş: əmək müqavilələri niyə imzalanmır?

Artıq "ali təhsilli xadiməyə ehtiyac var" başlığı ilə verilən iş elanları bizi heç də təccübləndirmir. Bəzən isə 3 dil bilmək də sizi 300 manat maaş almaqdan qurtara bilməz. Hələ ki, günün 12 saatını işləyib, cüzi əmək haqqı alan insanların sayı kifayət qədərdir.
 
Cəmiyyətin inkişaf etməsi üçün fərdin özünə ayırmağa müəyyən qədər vaxtı qalmalıdır. Lakin sosial durum tələb edir ki, ən azı 12 saat çalışıb, cüzi tələblərini ödəməyə yetəcək qədər pul qazana biləsən. Təbii ki, bu halda yalnız yatmaq üçün vaxt və həvəs qalır.
 
Bəs sahibkarlar bu cür tələblər qoyub, işçi yığırsa, bunun bir məsuliyyət varmı? Təbii ki, var. Ancaq əmək müqaviləsi olduğu zaman. Əmək müqavilələri ilə bağlı ölkədəki durum isə hər kəsə bəllidir. İşə götürən əmək müqaviləsi bağlamaqda maraqlı deyil, iş tapmaqda çətinlik çəkən işçi isə bunu tələb etmək iqtidarında... Bu səbəbdəndir ki, ölkədə işləyən insanların böyük əksəriyyəti əmək müqaviləsi olmadan çalışır. Bu da onların əmək hüquqlarının hər addamda pozulması ilə nəticələnir.

Problemlə ilə bağlı Qaynarinfo-ya danışan hüquqşünas Ələsgər Məmmədli bildirir ki, minimum əmək haqqı 400-450 manat olmalıdır:
 
 

"İstər Azərbaycan Respublikasının qanunvericiliyində, istərsə də BMT-nin bununla bağlı normativlərində göstərilib ki, bir insan həftə ərzində maksimum 40 saat çalışmalıdır. Bundan çox ola bilməz. 12 saatlıq iş rejimində çalışan insan həftənin 5 günü işdə olsa, 60 saat işləyir. Bu isə normadan 1,5 dəfə çoxdur. Bu cür əmək istismarına məruz qalan şəxs istənilən vaxt məhkəməyə müraciət edə bilər.
 
İkinci bir məqam isə qeyd edirsiniz ki, xarici dil və ali təhsil tələb olunur. Bu hüquq pozuntusu sayılmır. Çünki elə iş sahələri var ki, orda birdən çox dilə ehtiyac yaranır. O zaman da bu bacarıqlara uyğun olaraq, əmək haqqı müəyyən olunmalıdır. Təklif-tələb məsələsi keyfiyyətə görə fərqlənir. Öz saatının dəyərini bilən şəxs anlayır ki, hansı minimum əmək haqqı ilə çalışa biləcək və buna uyğun qərar verir. Heç kimə məcburi şəkildə əmək müqaviləsi imzalatdırmaq olmaz. Lakin əmək bazarında uzun müddət işsiz qalıb, ağır tələblərlə işləməyə məcbur qalanlar da var. Bu aspektdən yanaşsaq, hökumətin ata biləcəyi addım minimum əmək haqqının nisbətini ən az orta əmək haqqının üstünə çıxarmaqdır. Orta əmək haqqı bu gün Azərbaycanda 400-450 manatdırsa, minimum əmək haqqı 130 manatdır. Bu o deməkdir ki, 130 manata qədər hər kəs istənilən məbləği təklif edə bilər. Qonşu Türkiyədə baxmayaraq ki, bizdən heç də yüksək əmək haqqı yoxdur, amma minimum əmək haqqı 1000 lirədir və bu məbləğin altında heç bir müəssisə maaş verə bilmir. Buna görə də, qanunvericilik vətəndaşın haqqlarını daha çox qorumalıdır.
 
Bizdə ən azı minimum əmək haqqı 450 manat olmalıdır. 4 nəfərlik ailədə bir nəfərin işlədiyini düşünsək, istehlak bazarında son illər baş verənləri və bir nəfər üçün yaşayış minimumunun 150-170 manat olduğunu nəzərə alsaq, 4 nəfərlik ailədə çalışan bir nəfərə minimum 450-500 manat maaş düşməlidir. Bu təbii ki, minimumdur. Burada artıq dövlət tərəfindən sosial yanaşma tələb olunur ki, hüquqi tənzimləmə olsun. Ayrıca heç bir şəxs 12 saat çalışmaq müqavilində əmək müqaviləsi imzalaya bilməz. Bu baş verdiyi vaxt, sahibkar qanun qarşısında cavab verməli olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti var. Əmək müqavilələri onlayn qeydiyyatdan keçməlidir. Müasir qanunvericilikdə heç kim əmək müqaviləsi qeydiyyatdan keçmədən çalışa bilməz. Qeydiyyatdan keçmiş əmək müqaviləsində 12 saat görüldüyü zaman, əmək müfəttişliyi bununla bağlı tədbir görməlidir".
 
Lalə Niftaliyeva