Dünya 12:13 26.09.2013

Güney Azərbaycan məsələsi Avropa Parlamentində

Bu gün Avropa Parlamentində İrandakı son durum, xüsusilə, Güney Azərbaycan məsələsi müzakirə ediləcək.

Bu barədə APA-ya Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin məlumat verib.

Onun sözlərinə görə, toplantıda “İranda millətlərin durumu və Urmiya gölünün qurudulması” mövzusunda məruzə olacaq: “Bu, Avropa Parlamentinin tarixində ilk dəfədir. Yəni Azərbaycan türkləri avroparlamentarların qarşısında Güney Azərbaycanla bağlı məruzə ilə çıxış edəcək”.

GADP sözçüsü deyib ki, yığıncaqda Avropa Parlamentinin İnsan Haqları Komissiyasının sədri xanım Barbara Loach Bihler, Avropa Parlamentinin İran üzrə Komissiyasının sədri xanım Taria Kronberg, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun nümayəndəsi, Avropa Parlamentinin xarici siyasət üzrə təmsilçisi, “Amnesty İnternational”ın (Beynəlxalq Əfv Təşkilatı) və UNPO-nun nümayəndələri və avroparlamentarlar iştirak edəcəklər.

M.Bilgin vurğulayıb ki, toplantıya ərəb, bəluc və kürd təşkilatlarının nümayəndələri də qatılacaqlar: “Güney Azərbaycandan isə mən, AZOH sözçüsü Əmir Mərdani və xanım fəal Ayda Kərimli iştirak edəcəyik. Toplantı Avropa Parlamentinin veb-səhifəsindən canlı yayımlanacaq”.

Qaynar.info