Foto 19:24 17.11.2019

Gürcüstan müxalifəti parlamenti tam blokladı (FOTO/YENİLƏNİB)

Tiflisdə davam edən kütləvi etiraz aksiyasında parlament binasının bloklanmasına başlanılıb.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, parlamentin bütün darvazaları qıfıllanmaqla yanaşı, binaya giriş qapılarının qarşısında çadırlar qurulub.

Aksiyaçılar bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

Parlament binasının bloklanmasını şərh edən vitse-spiker Gia Volski bunun qanuna və dövlətin maraqlarına zidd olduğunu deyib: "Buna yol verilməməlidir və bu, cəmiyyətin tələbidir".

G.Volski müxalifətin tələblərini Konstitusiyaya zidd adlandırıb.

18.15 
 
Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının üzvləri parlament binasının dəmir darvazalarından birinə qıfıllar bağlayıblar.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, partiya nümayəndələri bildiriblər ki, qanunverici orqanın digər qapıları da qıfıllanacaq.

Partiya lidelərindən biri olan Gigi Uqulava bildirib ki, qıfılların açarları xalqa veriləcək: "Gürcü Arzusu Partiyasının heç bir deputatı bu binaya daxil olmayacaq. Parlamentin qapıları yalnız İvanişvilinin təslim olmasından sonra açılacaq”.

Müəyyən vaxt sonra polis əməkdaşları qıfılları darvazadan açıblar. 

Müxalif Vahid Milli Hərəkat Partiyasının lideri Qriqol Vaşadze parlamentin qarşısında keçirilən etiraz aksiyasındakı çıxışında bildirib bildirib ki, Gürcüstan parlamenti legitimliyini itirib: "Biz evə getməyəcəyik və parlamenti tam olaraq bloklayacağıq. 

"Güc birlikdədir" müxalif birliyinin nümayəndəsi Giorgi Vaşadze isə deyib ki, müxalifətin aksiyası və itaətsizlik Konstitusiya çərçivəsində olacaq.

"Hamı bir nəfərə qarşı" şüarı altında təşkil olunan aksiyaya 20-dən çox siyasi təşkilat qoşulub.

Müxalifətə dəstək olaraq Acarıstanda hökumət binasının qarşısında da aksiya keçirilir. Aksiyaçılar seçki qanunvericiliyinə dəyişikliyin olunmasını tələb edirlər.
 
15.54 
 
Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də Tiflisin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər yürüş keçirib.

Qaynarinfo xəbər verir ki, əllərində Gürcüstan bayraqlarını və müxtəlif plakatlar tutmuş insanlar "Gürcüstanı dəyişək!” şüarı səsləndirərək, müvəqqəti keçid hökumətinin yaradılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

İki mindən çox insanın iştirak etdiyi yürüş səbəbindən Rustaveli prospekti bağlanıb, polis təhlükəsizlik tədbirləri görür.