Ekonomiks 11:51 09.12.2019

Gürcüstan səfiri: "BTQ dəmir yolu xəttinin böyük gələcəyi var"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti mühüm əhəmiyyətə malikdir, onun böyük gələcəyi var".

Bunu "Finans.az"a açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze layihənin əhəmiyyətini şərh edərkən deyib.

"BTQ Böyük İpək Yolunun bir hissəsidir. Avropadan Asiyaya və əks istiqamətdə alternativ yükdaşıma marşrutudur, spesifikdir və əlçatandır", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, dəmir yolu xəttinin çəkdiyi 3 ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri bütün beynəlxalq tədbirlərdə bu layihənin potensialını təbliğ edir.

"BTQ-nin populyarlaşması üçün hər şey etməliyik. Bəzən dəmir yolu xəttinin bizim ölkələrin limanlarına alternativ olub-olmaması barədə suallar verilir. Bunlar bir-birinə rəqib deyillər, əksinə BTQ və limanlar bir-birilərini tamamlayır və yeni yüklərin cəlb edilməsinə imkan verir. Limanların öz strategiyası var və dinamik olaraq inkişaf edirlər. Bununla yanaşı, BTQ yeni yüklər cəlb edir və faktiki olaraq böyük rezonans yaradır, gələcəyə addımlamağa imkanı verir. Limanlar və BTQ ölkələrimizin tamamlayıcı elementlərdir”.

Xatırladaq ki, BTQ 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.

BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometi Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yolla ilkin mərhələdə ildə 5 milyon ton yük daşınması nəzərdə tutulur. Tədricən bu rəqəm 15-20 milyon tona çatmalıdır.