Siyasət 22:05 25.01.2019

Gürcüstan XİN-dən büst açıqlaması: Azərbaycanla müzakirə olunub

"Qarabağ müharibəsində iştirak etmiş erməni Mixail Avaqyana Gürcüstanın Axalkalaki rayonunun Bağaneş qəsəbəsində büstün qoyulması ilə bağlı məsələ Gürcüstan və Azərbaycan arasında müzakirə olunub".

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, Azərbaycan ilə Gürcüstan arasında müzakirə olunmayan mövzu yoxdur və məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib: 

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaja səbəb yoxdur”. 

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bu hadisə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub. Belə ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib. 

Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. (Unikal.org)