Ekonomiks 17:34 12.02.2014

Gürcüstanda neft yataqları aşkarlandı

Gürcüstan ölkə ərazisində yerləşən neft yataqlarında kəşfiyyat və axtarış işləri aparır. 

«APA-Economics»in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında bu ölkənin energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda 680 mln. ton neft ehtiyatı olan yatağın aşkarlanması ehtimalı var: «Gürcüstanda neft hasilatına ötən əsrin 90-cı illərində başlanılıb və o vaxt söhbət ildə 3,5 mln. ton neft hasilatından gedirdi. Hazırda Gürcüstanda neft hasilatı davam edir, ancaq hasilat ölkəyə lazım olan həcmlərdə deyil».

Nazir deyib ki, ölkənin lisenziyalı blokları var ki, həmin bloklarda da iş aparmaq üçün maraqların öyrənilməsi elan edilib. Sorğuda xarici şirkətlər də iştirak edir. Bu gün Gürcüstanda təqribən 25 lisenziyalı blok var. Həmin bloklarda kəşfiyyat işləri aparılır, lakin hələ müsbət nəticə əldə olunmayıb».

Qeyd edək ki, Gürcüstan istehlak olunan neft məhsullarının 100%-ni idxal edir və bunun 28,9%-i Azərbaycanın payına düşür. Ötən il Gürcüstana 954,41 mln. ABŞ dolları dəyərində neft məhsulları idxal edib. 2013-cü ildə 275,69 mln. dollar dəyərində olan 295,74 min ton neft məhsulları Gürcüstana Azərbaycandan idxal olunub. 

Qaynar.info