Ekonomiks 22:45 12.02.2014

Göyçay fermerlərinə ağır ZƏRBƏ

Rayondakı iş adamlarına və fermerlərə 180 min manat ziyan vurulub

Göyçay rayonunda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducu anbar iş adamlarına və fermerlərə məxsus 300 ton meyvəni zay edərək, onlara külli miqdarda maddi zərər vurub. Rayonun Çayarxı və Cəyirli kəndlərində meyvəçiliklə məşğul olan kiçik fermerlər və satış üçün Rusiya bazarlarına meyvə aparan iş adamları bildiriblər ki, ötən ilin noyabrında fərdi həyətyanı sahələrdən toplanan 300 ton xurmanı saxlamaq üçün Potu kəndindəki soyuducu anbara yerləşdiriblər.

Zərərçəkənlər deyir ki, məhsulun saxlanılması üçün soyuducu anbarın rəhbəri Fazil Hüseynova 51 min manat pul veriblər. On beş gündən sonra məhsul anbarda zay olmağa başlayıb. Iş adamlarının sözlərinə görə, məhsulun az bir hissəsi vaxtından əvvəl, yəni dekabrda təcili olaraq anbardan çıxarılaraq, Rusiya bazarlarına aparılıb və dəyər-dəyməzə satılıb. Məhsulun maya dəyəri 11 manat olduğu halda, Rusiya bazarında 4-5 manata satılıb. Ümumilikdə, iş adamlarına 180 min manat maddi ziyan dəyib. Bundan əlavə, 50 ton məhsul tamamilə zay olduğu üçün onun satılması qeyri-mümkün olub. Hazırda həmin zay olmuş məhsul anbardan çıxarılaraq, bayıra atılır.

İş adamları banklardan kredit götürərək kəndlilərin məhsulunun bir hissəsinin pulunu ödəsələr də, qalan hissəsinə borclu qaldıqlarını bildirirlər. Indi 25 nəfər kənd sakini onlardan nisyə mal almış iş adamı - Ucar rayonu, Qaracallı kənd sakini Əliağa Rəhimovdan məhsulun pulunu, iş adamı da soyuducu anbarın rəhbərliyindən ona dəyən ziyanın ödənilməsini tələb edir. Əliağa Rəhimovun sözlərinə görə, ötən ilin oktyabr-noyabr aylarında Moskvadakı gərgin vəziyyətlə əlaqədar bazarlar bağlı idi. 

Kəndlilərdən alınan məhsulu Rusiyaya apara bilməyən iş adamı orada bazarlar açılanadək məhsulu soyuducu anbarda saxlamaq qərarına gəlib: “Soyuducu anbarın rəhbəri Fazil Hüseynovla razılaşdıq ki, 3 ay ərzində məhsul anbarda qalacaq və hər xurma tarasına görə 1 manat 70 qəpik ödəməli olacam. Mən ödədiyim pul müqabilində məhsulun sağlam şəkildə verilməsi və o cür geri alınması haqda anbar rəhbərliyilə müqavilə bağlamaq istədim. Fazil Hüseynov vergidən yayınmaq üçün müqavilə bağlamadı və məni əmin etdi ki, məhsulunu sağlam şəkildə saxlayacam. Az sonra soyuducu anbarın mütəxəssisini işdən çıxararaq, yerinə bacarıqsız bir insanı qoyub. O, işi bacarmadığı üçün məhsulu zay edib. Mən 300 ton məhsulu həmin anbara, eləcə də orada yer olmadığı üçün 38 ton məhsulu Göyçayın Şəhadət kəndindəki soyuducu anbara yerləşdirdim. Eyni məhsul elə eyni gündə ayrı-ayrı anbara yerləşdirildi. Mənim Potu kəndindəki anbarda 300 ton məhsulum dekabr ayında zay oldu, amma Şəhadət kəndindəki 38 ton xurma fevral ayının 9-dək sağlam şəkildə anbarda qaldı”.

Soyuducu anbarın rəhbəri Fazil Hüseynov isə məhsulun xarab olmasının səbəbini iş adamlarında və kəndlilərdə görür: “Dekabr ayında soyuducu anbarın kameralarında problem yaranmışdı, həmin vaxt iş adamlarına dedim ki, gəlin, məhsulunuzu götürün, yoxsa qalıb xarab olacaq. Onlar məhsulu vaxtında gəlib götürmədilər və soyutma sistemi yaxşı işləmədiyi üçün məhsul qalıb xarab oldu. Ola bilsin ki, kəndlilər iş adamlarına zədəli məhsul satıblar, ona görə də tez xarab olub”.

İş adamları isə soyuducu anbarın kameralarının yaxşı işlədiyini və soyutma sistemində problem olmadığını, sadəcə, orada işi bilən mütəxəssisin yoxluğundan belə vəziyyətin yarandığını bildirirlər. Onlar soyuducu anbara işçilərin iştirakı ilə zədəli yox, sağlam və xarici bazara çıxa bilən məhsul verdiklərini bildirirlər. Məhsuların taralara yığılışında da nöqsanlara yol verilməyib.

Anbar rəhbərliyi vətəndaşlara dəyən ziyanı ödəmək istəmir. İş adamı və kəndlilər Kənd Təsərrüfatı və Iqtisadi Inkişaf nazirliklərinə, Prezident Administrasiyasına, Baş Prokurorluğa müraciət ediblər. Məsələ ilə bağlı onlara heç bir cavab verən olmayıb./azadlıq.info

Qaynar.info