Texnologiya 20:58 22.07.2018

Gözlənilməz proqnoz: “Bitcoin 1000 dollara enəcək”

Bitcoin haqqında indiyədək çoxlu sayda qiymət proqnozu verilib. Bu təxminlərin bəziləri aşağı məbləğlərə işarə edir, bəziləri isə BTC investorlarını qıcıqlandırır. Peter Şiffin son Bitcoin proqnozu da bu qəbildəndir.

Peter Şiff maliyyə dünyası ilə bağlı qiymətləndirmələri ilə tanınan mütəxəssisdir. O, Bitcoin haqqında gözlənilməz proqnoz verib. Bitcoin-in qiymətinin tezliklə 1000 dollardan da aşağı düşəcəyini bildirən mütəxəssis hamını təəccübləndirib.

"Joe Rogan Experience” adlı onlayn proqramın qonağı olan Şiff Bitcoin-i tənqid edib. "Euro Pacific Capital” şirkətinin CEO-su Peter Şiff aparıcı kriptovalyutanın nadirliyinə, istifadəsinə və dəyərinə münasibət bildirib.

Bitcoin nadir deyil

Bitcoin-i sərt tənqid edən Şiff onun nadir olduğuna da inanmır. O, bu fikirləri səsləndirib:

"Yalnız 21 milyon Bitcoin-in olacağını və bu durumun Bitcoin-i nadir hala gətirəcəyini düşünürlər. Bitcoin-də qeyri-adi nəsə yoxdur. Bazarda kifayət qədər kriptovalyuta var. Onlar nadirdir, çünki belə kodlaşdırılıb. Qızıl isə həqiqətən nadirdir”.

Bitcoin-in real dəyəri yoxdur

Şiffin fikrincə, Bitcoin-in həqiqi bir dəyəri yoxdur. Mütəxəssisin bununla bağlı açıqlaması belə olub:

"Bitcoin-in edib, hər hansı bir kriptovalyutanın edə bilməyəcəyi bir şey yoxdur. Qızılın dəyərini göstərə bilən bir çox cəhəti deyə bilərəm. Bitcoin ilə edə biləcəyiniz tək detal onu başqasına verməkdir. Bitcoin-in əsas məqsədi də budur”.

Reallıq budur ki, Şiffin kriptovalyutalarla bağlı bəzi mətləblərdən xəbəri yoxdur. Bitcoin dünyanın əksər hissəsində ödəniş vasitəsi kimi qəbul edilir. Bəzi dövlət qurumları vətəndaşlara BTC ilə vergiləri ödəməyə icazə verirlər. (kripto.az)