DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, həbsxanada intihar etdiyi açıqlanan qanqster Hacı Məmmədovun meyitinin ailəsinə təhvil verilməsi və gözlənilən dəfni ətrafında qeyri-müəyyən vəziyyət davam edir.

Qaynarinfo xəbər verir ki, virtualaz.org saytının əməkdaşı Saray qəbiristanlığına baş çəkib və Hacı Məmmədovun atasının məzarını tapıb:

"Bu, türbəni xatırladan qəbirüstü tikilidir. Orada H.Məmmədovun atası Məmmədov Məşədi Teymur Hacıağa oğlu və anası Məmmədova Almasxanım dəfn olunublar. Türbədə daha bir məzar var, amma boşdur. Vaxtilə H.Məmmədovun anası vəfat edəndə oğlunun onun yanında həmin məzarda dəfn edilməsini vəsiyyət edibmiş. Bu baxımdan gözlənilir ki, H.Məmmədov məhz həmin boş məzarda basdırılacaq.

Hazırda həmin türbənin ətrafında dəfnlə bağlı heç bir hazırlıqlar getmir, H.Məmmədovun yaxınlarından orada heç kim yoxdur. Qəbiristanlığın girişində isə post-patrul avtomobili keşik çəkir. Əlavə təhlükəsizlik tədirləri nəzərə çarpmır”.

Qeyd edək ki, H.Məmmədovun meyiti hazırda Potoloji Anatomiya bürosunun morqunda saxlanılır. Ailə üzvləri götürmək üçün hələ müraciət etməyib.