Nəsimi Şərəfxanlı

Dünən olubmuş kimi yadımdadı. 

93-cü ilin 17 iyunu biz onbirncilərin buraxılış imtahanı var idi. Səhər televiziyadan eşitdiyim xəbər onsuz da fikrimi qarışdırmışdı. Elə qapının ağzındaca direktorun "bu da güvəndiyiniz hökumət, qoyub qaçdı sizi” sözləri ildırım kimi vurdu məni. 

Allah rəhmət eləsin, Qəbri nurla dolsun, tək Sumqayıtda deyil, bütün ölkədə tanınan direktorumuz Minarə Xanım Tahirova heç cür AXC hakimiyyətini qəbul edə bilmirdi, içində bir sovet nostalgiyası var idi. Onun "qoyub qaçdı” ifadəsi həm də bolşeviklərin oktyabr çevrilişindəki sevincinə bənzəyirdi. Sonralar bu ifadəni çox eşidəcəkdim və hər zaman da içimdə qırıla-qırıla qalırdım. "Axı niyə başa düşmürlər?”, "Niyə anlamırlar?”...

... Yanılmıramsa 95-ci ilin elə iyun ayı idi. "Yeni Müsavat” qəzetinin Əbülfəz Elçibəy haqda xüsusi buraxılışı çap olunmuşdu. Üz qabığında Bəyin fotosu və aşağıda bir neçə cümlə vardı. "Niyə?” sualına axtardığım cavabı Baş Redaktor Rauf Arifoğlu o qədər dəqiq ifadə etmişdi ki: " Bu millət başa düşəcək Səni, Bəy! Mütləq başa düşəcək! Bununçün o Babək əzabından, Nəsimi, Cavid əzabından, Elçibəy əzabından keçməlidir. Bu əzabları yaşayıb Səni başa düşəcək!” (Cümlələrdə hansısa xırda yanlışlıq varsa Rauf bəy 22 illik zamanın yaddaşda buraxdığı izə bağışlayar yəqin) . 

Sonralar, 93-cü il olayları, Milli Hökumətin süqutu, Elçibəy şəxsiyyəti haqda "Yeni Müsavat”da da, digər medeia orqanlarında da çox yazılar dərc olundu. Elə qələminə və şəxsiyyətinə böyük sayğımız olan Rauf bəyin də çox yazılarını oxudum. Amma yaddaşıma əbədi həkk olunan həmin cümlələr oldu: "Bu millət Səni başa düşəcək, Bəy! Mütləq başa düşəcək!”...

... Ötən illər az əzab yaşatmadı hər birimizə, bütövlükdə millət olaraq da az çəkmədik. Hətta 17 ildir Elçibəysizlik də yaşayırıq...  Görünür başa düşmək, anlamaq üçün hələ də yetərli deyil... Belə olmasaydı ölkənin ən tirajlı media orqanının rəhbərliyində olan Azər Ayxan bir ləhcə davasının arxasından gedib Elçibəyi Naxçıvanlılıqda, qaçmaqda ittiham etməzdi: "A bəy, hara gedersen, ay bəy? Xalq bilermi hara gedersən"...  Nə deyəsən???...  Sabah həmin musiqiçi yəqin Naxçıvan ləhcəsində də nəsə oxuyacaq və o andaca  bu düşüncə sahiblərindən nə qədər böyük olduğunu ortaya qoyacaq. Amma məsələ bir ləhcəni, obanı müdafiə etməkdə deyil ki. Bir rep havasından yola çıxıb məsələni Elçibəyin Kələkiyə getməsinə gətirməyin bir adı var: Qərəz! Bu qərəzin isə bir səbəbi var: Əzablardan dərs götürməmək!

... İndi neyləyək? 24 il sonra Elçibəy hara getmişdi mövzusu açaq? Faydasız olacaq. Çün ki, "anlayan anlayardı gər olsa da bir damla, qanmayan qanmayacaq, boğsan onu dəryada”. Amma Azər Ayxan üçün eyni qərəz və qəzəblə dəryadan bir iki damla atmaq olar. Elçibəy bu gün mənim rahat klaviatura arxasında oturub yaza bilməm, Azər Ayxanın bahalı avtomobillə Tovuza gedə bilməyi üçün getdi, Elçibəy həmin naxşıvanlı reperin öz istedadını sərbəst ifadə edə biləcəyi cəmiyyət qurulması, bir ağdamlının Lənkəranı da öz yurdu kimi sevməsi üçün getdi. Elçibəy həmin xüsusi buraxılışda mərhum yazar Böyükkişi Heydərlinin də ifadə etdiyi kimi dünyanın son sufi hökmüdarı idi.  

Məncə Pedaqoji Universitetin ibtidai təhsil pedaqogikası fakültəsində sufilik keçilmir eləmi?  Bəs harya gedersən bu düşüncəylə, ayə, harya?...