Ötən gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulunu qazanan Həbib Nurməhəmmədovun baş sponsorunun kimliyi bilinib.

Qaynarinfo "Yeniçağ"a istinadən xəbər verir ki, sözügedən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun baş sponsoru Rusiyada yaşayan azərbaycanlı milyarder, Sankt-Peterburq vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı İdarə Heyəti Şurasının sədri Vaqif Məmişovdur.

Qeyd edilir ki, Məmişovun özü əvvəllər idmanla məşğul olub və hazırda müxtəlif idman klublarını, həmçinin perspektivli idmançıları maliyyələşdirir. Məmişov dəfələrlə titullu döyüşçülərin, o cümlədən Zabit Səmədov, Yemelyanenko və digərlərinin iştirakı ilə miqyaslı turnirlər təşkil edib.

Məmişova yaxın çevrələrin bildirdiyinə görə, oliqarxın şirkəti Nurməhəmmədovun məşq etdiyi idman klubuna maliyyə yardımı göstərib. Eyni zamanda, oliqarx Rusiyada və başqa ölkələrdə Həbibin döyüşlərinin təşkilinə maddi dəstək verib.

Nurməhəmmədov paylaşdığı fotoşəkillərin birində üzərində MAMISHEV yazılmış futbolka geyinib. Məmişovun dostları isə bildirirlər ki, oliqarx özünün sponsorluq və xeyriyyəçilik fəaliyyətinin işıqlandırılmasını istəmir. O, bu işləri şöhrət yox, idmana yönəlik marağına görə edir.



Əslən Gürcüstandan olan Vaqif Məmişov hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan "Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

1990-cı illərin sonlarında qardaşları Vasif və Asiflə birlikdə "Konrad” Şirkətlər Qrupunu yaradan Məmişov özünün bütün aktivlərini ora keçirib. O, Rusiyanın şimal paytaxtında azərbaycanlıların böyük diaspora təşkilatını qurub və hazırda onun rəhbəridir. (yenicag.ru)