Dünya 20:50 18.12.2013

Həbslərə sanksiya verən prokuror istintaqdan kənarlaşdırıldı

Türkiyədə rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları əsasında aralarında 3 nazir övladının da olduğu bir sıra tanınmış şəxslərin həbsinə sanksiya vermiş İstanbul baş prokurorunun birinci müavini Zəkəriyyə Öz cinayət işinin istintaqından kənarlaşdırılıb. 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün cinayət işinin dosyesi Z. Özdən alınıb. İstintaqa bundan sonra şəxsən İstanbul baş prokuroru Turan Çolakkadı nəzarət edəcək.

Xatırladaq ki, bu gün səhər İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) maliyyə şöbəsinin müdiri Yaqub Sayqılı, Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Toğrul Turhal, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdiri Nazmi Ardıç, Terrorla mübarizə şöbəsinin müdiri Ömər Kösə və Asayiş şöbəsinin müdiri Ərsan Ərçıktı vəzifələrindən kənarlaşdırılıblar. Həm bu şəxslərin, həm də prokuror Zəkəriyyə Özün nurçulara yaxın olduqları bildirilir. Hökumət son həbslərdə məhz nurçu polis və prokurorları günahlandırır.   

Türkiyə müxalifəti hökumətin qalmaqalın üstünü örtməyə çalışdığını bildirir. 

Qaynar.info