Fuad Sarı
Sənət 17:33 04.05.2019

Heç kimin ölümü onlarınkı qədər gözəl deyil...

Fuad Sarı

Uzaq şərqin nəhəng və avara şairi Li Po, uzaq 8-ci əsrdə və 25 yaşında evini tərk edərək iyirmi il Çini gəzdi. Özündən çox əvvəllər yaşamış Sokratla, üç yüz il sonra doğulacaq Ömər Xəyyamla bənzər həyat tərzi və dünyaya baxışı vardı.

Kainata sığmayan ruhu və likör sevgisilə, 30 noyabr 762-ci ildə, Ay işığında Yanszı çayında qayığı ilə gedərkən, suyun üzərinə düşən kölgəsini qucaqlamaq istəyərkən boğuldu...

Li Podan on iki əsr sonra Çexiyada yaşamış yazıçı Bohumil Hrabal bir çoxları, xüsusən, Milan Kundera üçün nümunə olmuşdu. Bəlkə də, onun dünya şöhrəti qazanmamasına səbəb, ölkəsinin heç bir faciəvi dövründə Çexiyanı tərk etməməsi oldu.

O digərləri kimi Parisə qaçmadı. Ən çox ikinci dünya müharibəsindən yazsa da, romanlarında hamının qeyd etdiyi, dərin qaranlıqlar içində kiçik sevinclər vardı.

Pivə sevgisi və incə yumoru ilə Hrabal, 3 fevral 1997-ci ildə müalicə olunduğu xəstəxananın balkonundan göyərçinlərə yem verərkən yıxılıb vəfat etdi...

Səma bomboşdur nəhayət
Nə bir quş, nə də bulud var.
Oturmuşuq dağ ilə birlikdə,
Təkcə dağ qalana qədər... 

(Li Po)