Ölkə 09:17 18.09.2018

Heç kimin yaxşı olmaq istəmədiyi məmləkətdə...

Hüseynbala Səlimov

Elə bilirdim, TV-lərimizin vəziyyəti tək məni düşündürür. Hərdən bu haqda nələrsə yazır, amma hətta bu xüsusdakı yazıların belə oxunmadığını görüb "Əşi, ölkənin dərdi tək sənə qalıb?” deyərək mən də hamı kimi vizual media aclığını internetin hesabına ödəməyə çalışırdım.

Amma bu çox çəkmirdi. Qeyri-ixtiyari əlim yenə də televizorun düyməsinə uzanırdı: bilmək istəyirdim ki, görən, günün rəsmi xronikası nə deyir, rayonlarda nə baş verir, erməniləri daha nələrlə qorxuduruq, daha neçə şagirdimiz bu il 700 bal toplamağa söz verib, öz insanlarımız işsizlikdən üzüldüyü və sosial müavinət almaq üçün idarələrin qapısını döydüyü bir halda qardaş Türkiyədə daha hansı zavodları tikmişik, - nə deyim, əslində TV-ləri gündəlik izləmək üçün səbəb çoxdur... 

Amma ki, elə bil "yuxarı”larda insanların TV-ləri izləməsini, ölkədəki vəziyyətdən hali olmasını heç istəmirlər, görünür, bunun üçün də "lazım gəlməlidi” və ya məqamı yetişməlidi.
Fəqət, bu yaxınlarda ciddi saytların birində TV ilə bağlı yazıya rast gəldim və dərhal sevindim ki, görünür, efir məkanımızda bayağılıq və hətta səviyyəsizlik o qədər artıb ki, artıq başqaları da dözmürlər və mən bu haləti görəndən sonra daha bir cızma-qara yazmaq qərarına gəldim.

Yağışdan çıxdıq, yağmura düşdük. Bəli, daim peşimançılıq hissi keçirmək aciz, passiv və məqsədsiz cəmiyyətlərin alnına yazılıb – bunlar daim keçmişin xiffətini çəkməyə məhkumdurlar. Hər yenilik onları köhnəyə şükür diləməyə vadar edir. Əslində bunun da səbəbini onlar özlərində axtarmalıdırlar: heç kimin yaxşı olmaq istəmədiyi məmləkətdə yaxşılığa doğru heç nə dəyişmir, əzizlərim. 

Bunu bütünlüklə TV-lərimizə də aid etmək olar. Ona görə ki, onlar guya məmləkətin və yaxud da cəmiyyətin "ayna”sı olaraq fəaliyyət göstərirlər; əgər cəmiyyət sual işarəsinə bənzəyirsə, TV onları nida işarəsi kimi göstərə bilməz. Sadəcə, burada TV-nin suçu onda təzahür edir ki, onlar sual işarəsi kimi olmağı təbliğ və təqdir edirlər, hərçənd, bu "ustanovka” da güman ki, "yuxarı”lardan gəlir...  

Qərəz, nə başınızı ağrıdım, illər öncə TV-lərimiz üçün başqa ssenari yazılmışdı–o vaxt da bizi ekranlardan süzülən siyasi isterika, kin-küdurət bezdirmişdi, efir səhərdən axamadək "müxalifət”i ifşa edən materiallarla dolu olurdu və onda da biz bir başqa cür bezmişdik və Allaha yalvarırdıq ki, buna bir son verilsin. 

Tanrı nəhayət ki, sözümüzü-dualarımızı eşitdi və hakimiyyətin başbilənləri anladılar ki, səhər-axşam müxalifət haqqında danışmaqla əslində onları yaddan çıxmağa qoymur, daha da populyar edir, ən əsası da cəmiyyətdə belə təsəvvür yaradırlar ki, müxalifətçilər qərargahlarda əsnəməklə deyil, əməlli-başlı işlə, xalq üçün vuruşmaqla məşğuldurlar. 

Qərəz, bu mövzuları efirdən yığışdırdılar, elə ertəsi gün də "müxalifət”imiz yığışdı, elə bil qeybə çəkildi. Bir ara bu bizə hətta ləzzət verirdi, ona görə ki, isterik siyasi tele-süjetlər bizi daha cana yığmışdı. 

Di gəl, bir az əvvəldə dedim ki, keçmişə şükür oxumaq bizim millətimizin alnına yazılıb – beləcə, efiri siyasi reportyorların əlindən alıb musiqi və əyləncə əhlinə verdilər və başlandı, daha nə başlandı...

Efirimizin indi də davam edən bu durumunu sizə ətraflı təsvir etməyəcəm, bunu mənsiz də bilirsiniz; beş-on müğənnidir, səhər-axşam "bu kanal sənin, o biri mənim” deyib efridən düşmürlər! Efirlərdə səhər – axşam dingildəməkdir, böyürməkdir, atılıb – düşməkdir... 

Üstəlik, bu adamlara elə gəlir ki, guya onlar həqiqətən oxuyur, rəqs edirlər, hətta yorğunluqlarını alanda xalq üçün qiymətli söhbətlər edirlər! Gözünə döndüyüm bəzi təşklatlar da reytinq söhbətini atıb ortaya – guya xalq yalnız oxumaq və dingildəmək istəyir.

Qərəz, dərdimiz bu halətdədir. Çarəsi də görünmür. O mənada ki, görünür, birdəfəlik TV məkanının üstündən xətt çəkməlisən, necə ki, bunu illərdir, məsələn, radiolarla bağlı etmişik. 
Amma adam bundan da qorxur, ehtyat edir – ona görə ki, başbilənlərimiz bir gün maraqlana bilər ki, əcaba, bunlar bizim TV-lərə baxmır, radiolarımızı dinləmir, qəzetlərimizi oxumurlar, bəs onda diqqətlərini hara yönəldiblər? 

Bəli, agah olarlar ki, hamımız internet aludəçisi olmuşuq. Bəs bunu biləndən sonra nə edərlər? Ya interneti qapayarlar, ya da onu da elə hala salarlar ki, TV-lərimiz bunun yanında toya-bayrama getməli olar. 

Ona görə də bir azacıq səbrinizi basın. Soruşulanda ki, TV-lərə baxırsınız, deyin ki, əşi, baxmaq nədir, bir günümüz TV-lərsiz olmasın! Bilirəm, çox çətindir. Səhər oyanırsan ki, təzə bir şey eşidim, əvəzində "Şərur” folklor alsamblını dinləməli olursan! Ağlına gələn ilk fikir də bu olur ki, əşi, qoyun başqalarına da nəsə bir şey qalsın, hər şeyi belə qamarlamaq olmaz axı! Heç olmasa, tərəvəz satmağı, zurna piləməyi və ya dumbul çalmağı başqlarına saxlayın...