Hüseynbala Səlimov
Ölkə 10:57 09.09.2019

Heç olmasa, beş-on adama ümid verə biliriksə...

Hüseynbala Səlimov

Balaca, qəşəng at balası oynaya-oynaya, atılıb düşə-düşə arabaya qoşulmuş anasının ardınca qaçır və bu an öz heyvan düşüncəsi ilə özünü bəlkə də Tanrının ən bəxtəvər varlığı sanır və heç ağlına belə gətirmir ki, onu da nə vaxtsa ən yaxşı halda bu arabaya qoşacaqlar...

Heç özüm də bilmirəm ki, niyə bu yazını yazmağa oturarkən ilk olaraq bu günlərdə televiziya filmlərindən birində gördüyüm bu epizod yadıma düşdü? Bəlkə ona görə ki, ümiddən yazmaq və yaxud da yazını ümidlə bağlı bir –iki cümlə ilə başlamaq istəyirdim?..

Bilmirəm, bircə onu anlayıram ki, bu epizod, özü də mahiyyətcə kədərli bir epizod mənə çox maraqlı, hətta simvolik göründü.

Belə də isə əslində mən ümiddən yazmaq istəmirdim. Ondan başlamaq istəyirdim ki, bir vaxtlar bizim xaricdə bir-iki siyasi mühacirimiz vardı və bunlar əsasən bir vaxt ölkədə böyük vəzifə tutan şəxslər idi. Bəli, bu adamlar qaçıb müxtəlif ölkələrdə məskunlaşanadan sonra gecəbəgündüz Azərbaycanda qalan müxalifətçiləri, jurnalistləri qınayırdılar ki, bəs niyə siz inqilab edib bizi ölkə başına gətirmirsiniz?..

Ana müxalifət bir xeyli onların havasına oynadı, axırda da yorulub, əldən düşüb uzun müddətli analıq məzuniyyətinə çıxdı: bir hissəsi özünü tamam-kamal təslim edərək hərraca çıxardıqları partiyalarının satışından gələn gəlirlərlə qocalığını rahatca yaşamaq qərarına gəldi, digər hissəsisə  növbəti siyasi tamaşada yeni rol aldı, adını radikal və yaxud da barışmaz müxalifət qoyub öz siyasi biznesini davam etdirmək qərarına gəldi...

Mənim onlarla işim yox, ən azı ona görə ki, mən onların kim olduğunu cəmi azərbaycanlılar biləndən qat-qat əvvəl bilirdim, odur ki, bunlardan nə umcağım vardı, nə də küsəcəyim.

Amma onların bizdən, beş-on vicdanlı, fədakar media əhlindən həmişə umacağı olubdur, çünki daim arxamızda gizlənməyə, bizim etdiklərimizi öz adlarına çıxmağa alışıblar və təsadüfi deyil ki, bu gün də xasiyyətlərindən əl çəkmir, sosial şəbəkələrdə, xaricdə məskunlaşan nökərçələrinin saysız-hesabsız "internet resurs”larında hələ də meydanı tərk etməyən beş - on vicdanlı jurnalistin ünvanına ya qınaqlar və ittihamlar yağdırır, ya da onların iyirmi, bəlkə də otuz il bundan əvvəl yazdıqlarından, həmin yazılardakı fikirləri konteksindən tamamilə ayırıb eybəcər bir "popuri” düzəldərək yenicə qələmə alınmış "təptəzə fikirlər” kimi təzədən dövriyyə buraxaraq bu beş –o n jurnalistin guya yenə də onlarla bir olması təəssüratını yaratmağa çalışırlarlar.
 
Məsələnin ən gülünc tərəfi isə heç bilirsinizmi, nədir? Söhbət o jurnalistlərdən gedir ki, həmin bu müxalifət bir vaxt, dünyanın düz çağlarında nə qədər çalışmışdısa, onları "özünküləşdirə” bilməmişdi, çünki bu jurnalistlərin hər biri bir partiyaya bərabər idi və müxalifətin yalançı partiyalarının qoltuğuna qısılmaq onlara qətiyyən lazım deyildi. Amma bu idbar və sırtılmış siyasət alverçiləri həvəsdən düşmür, çünki onlara həm də bu jurnalistlərin adı lazımdır, belə ki, özlərinin və yaxud da yaxınlarının adları artıq cəmiyyətdə ikrah doğurur...

Qərəz, vəziyyət belədir. Ən ürəkağrıdan detal isə budur ki, cəmiyyətin də bir hissəsi bu dəllalların tilovuna gedir, onlar da jurnalistləri satılmaqda, ən yaxşı halda isə tamamilə fəaliyyətsizlikdə və biganəlikdə qınayır, onları hətta nə vaxtsa edəcəkləri inqilabdan sonra evlərinin belə əllərindən alınacağı ilə hədələyirlər...

Olsun. Bilirsinizmi, insan öz vicdanının diqtəsilə nəsə edəndə başqalarının onun haqqında nə düşünməsinə etinasız olur. Çığır-bağırsız gündə kiçik bir iş görmək – şəxsən bizim qayəmiz budur. Tarixi təcrübə də, bizim öz təcrübəmiz də göstərir ki, tarix sıçrayışları sevmir, xüsusən də azadlıq məsələsi elə şeydir ki, insan onu qədərində olanda hifz edib, qoruya bilir. 

Odur ki, başından yuxarı tullanmağa cəhd eləmək, lap baron Münhauzen sayağı batalıqdan çıxmaq üçün öz saçlarından yapışıraq yuxarı dartınmağa çalışmaq lazım deyil: azərbaycanlılar da digər cəmiyyətlər kimi tədricən öz hüquqları və azadlıqları uğrunda mübarizə aparmağı öyrənməlidirlər. Biz "güclü əl” siyasi modelini artıq sınaqdan keçirmişik və getdikcə daha çox insana aydın olur ki, qurtuluş güclü vətəndaş və güclü cəmiyyət modelindədir. 
O ki qaldı bir daha bizim - bir neçə jurnalistin fəaliyyətinə, heç nə olmasa da, ən azı beş-on adama ümid veririk. Azdırmı? Üstəlik, sadəcə, boş ümid də vermirik, həm bu ümidlərin gerçəkləşməsi üçün nə etmək lazım gəldiyinin, necə çalışmaq gərək olduğunun yollarını da göstəririk, ona görə də bir şüarı özümüz üçün yol göstəricisi seçmişik: qaranlıqların ardınca deyinməkdənsə, özün də bir şam yandır..