Foto 10:35 22.10.2019

“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi (FOTOLAR)

"Hədəf Nəşrləri” oxuculara 30 min manatlıq kitab hədiyyə edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hədəf Nəşrləri”nin direktoru Müşfiq XAN məlumat verib.

"Bu il "Hədəf Nəşrləri”nin yaradılmasının 10 ili tamam olur. Bu münasibətlə nəşriyyat olaraq müxtəlif kampaniya və layihələr həyata keçiririk. Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir. Artıq "1000 müəllimə 1000 kitab” kampaniyamız uğrla başa çatıb. Bu kampaniya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda işləyən 1000 müəllimə kitab hədiyyə etmişik. Ümumiyyətlə, nəşriyyatımız fəaliyyət göstərdiyi 10 il ərzində oxuculara və kitabsevərlərə onminlərlə kitab hədiyyə edib. Yubileyimiz münasibəti ilə ənəmizə sadiq qalaraq daha çox kitab hədiyyə etməyə qərar verdik. 26 oktyabrda Hədəf Liseyində baş tutacaq tədbirdə qonaqlarımıza təxminən 4000 ədəd kitab və müxtəlif dəftərxana ləvazimatları hədiyyə etməyi düşünürük. Məlumat üçün bildirim ki, hədiyyələrimizin içərisində "Xatirə ədəbiyyatı” seriyasından nəşr olunan 50 kitablıq 50 dəst olacaq. Eyni zamanda, yerli və xarici yazarların nəşriyyatımızda nəşr olunmuş kitablarını da qonaqlarımıza hədiyyə edəcəyik. 10 il ərzində keçdiymiz yolda nəşriyyatın fəaliyyətinə dəstək verən oxucuları, dostları sevindirmək bizi də xoşbəxt edəcək. Ümumilikdə yubiley ərəfəsində oxucularımıza hədiyyə edəcəyimiz kitabların sayı 5000-i keçir.”

Xatırladaq ki, oktyabr ayında "Hədəf Nəşrləri”nin yaradılmasının 10 illiyi tamam olur. Bu münasibətlə Hədəf Liseyində keçiriləcək yubiley tədbirinə ölkə ziyalıları, yazıçılar, oxucular və media nümayəndələri qatılacaq.
Tədbirə gələcək hər bir qonağa "Hədəf Nəşrləri” tərəfindən xüsusi hədiyyələr veriləcək.