ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) bölgəyə növbəti səfəri başa çatıb. Belə ki, həmsədrlər fevralın 3-də Bakıya gələrək Azərbaycan rəhbərliyilə görüşüblər. Fevralın 7-də isə Ermənistana səfər ediblər.

Heç kəsə sirr deyil ki, həm həmsədrlər, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi regiona 20 ildən çoxdur ki, mütəmadi olaraq nəticəsiz səfərlər edirlər. İllərdir ki, münaqişədən əziyyət çəkən dövlət olaraq həmsədrlərin səfərlərinə ümidli baxsaq da, onlar öz işlərinə əyləncə prizmasından yanaşırlar. Regiona səfərə çıxmaqla yeyib-içir, bir növ günlərini yola verirlər.

Hətta, regionda oyun oynadıqlarının fərqindədirlər. Fərqində olmasaydılar, deməzdilər ki, münaqişə tərəfləri ortaq məxrəcə gəlsinlər, biz də həmin variantı həmsədr olaraq dəstəkləyək.

Belə durum varsa, o zaman həmsədrlər kimə və nəyə xidmət edir? Regiona səfər edərkən münaqişə tərəfləri olan ölkələrin razılığı ya da narazılığı nəzərə alınırmı? ATƏT-in şəxsi nümayəndəsi regiona səfər edərkən Azərbaycan tərəfi ilə hansısa məsləhətləşmələr aparırmı? Azərbaycan tərəfi il ərzində həmsədrlərin hansısa səfərinə qadağa qoya bilərmi? 



"Mütləq məsləhətləşmələr aparılır”

Modern.az saytı məsələ ilə bağlı suallara Xarici İşlər Nazirliyindən cavab almağa çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev açıqlamasında deyib ki, münaqişə tərəflərinə hesabat təqdim olunur: 

"ATƏT-in Minsk qrupunun fəaliyyətdə olan şəxsi nümayəndəsinin elçisi tərəfindən rüblük əsasında hesabatlar hazırlanır. Regiondakı mövcud vəziyyət onların  monitorinqinin nəticəsi mexanizm olaraq hesabat şəklində ATƏT-in daimi şurasında olur. Bu zaman həmin hesabat ATƏT üzv dövlətlərinin, o cümlədən, münaqişə tərəfi olan Ermənistan və Azərbaycana təqdim edilir. Ona görə də onların fəaliyyəti ilə əlaqədar məsələlərdə Azərbaycan tərəfi ilə  də məsləhətləşmələr  aparılır”. 

"Həmsədrlər də məsləhətləşmələr aparır”

XİN rəsmisi həmsədrlərin də səfərlərindən danışarkən Azərbaycan tərəfi ilə məsləhətləşməni istisna etməyib:

"Həmsədrlər də regiona səfər edirlər. Onlar da səfərlərinin nəticəsi olaraq hesabatlarda çıxış edirlər. Bu hesabatları ATƏT üzv dövlətləri ilə nəticə etibarı ilə bölüşürlər. Danışıqlar prosesinin tərkib hissəsi olaraq bu məsələlərdə də Azərbaycan tərəfi ilə müəyyən məsləhətləşmələr aparır”.

"Dağlıq Qarabağın icmaları ilə görüşlər keçirilir”

Həmsədrlərin regiona səfər edilməsinə qadağa qoyulması fikirlərinə gəlincə, mətbuat katibi sualın bir qədər ritorik xarakter daşıdığını deyib:

"Ermənistan və Azərbaycan münaqişə tərəfləridir. Münaqişədə   maraqlı tərəflər var. Həmin maraqlı tərəflər  Dağlıq Qarabağın Ermənistan və Azərbaycan icmalarıdır. Həmsədrlər münaqişənin həlli məqsədi ilə Dağlıq Qarabağın Azərbaycan və Ermənistan icmaları ilə müəyyən görüşlər və təmaslar həyata keçirirlər”.