İdman 18:42 13.08.2013

Həmyerlimiz erməni idmançının çənəsini oynatdı

Hollandiyanın Rotterdam şəhərində gənclər arasında boks üzrə Avropa birinciliyinə start verilib.

Apasport.az xəbər verir ki, yarışda 38 ölkənin 249 idmançısı mübarizə aparır. Millimiz baş məşqçi Şamil Əlimcanovun rəhbərliyi altında turnirdə tam heyətlə çıxış edir.

Yarışın ilk günündə rinqə çıxan 3 boksçumuzun hamısı qələbə qazanıb. 56 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov İsveçrə nümayəndəsi Əhməd Altintası məğlub edib. Məmmədov 1/8 finalda Çexiyanı təmsil edən Erik Aqatelyanla üz-üzə gələcək.

Valeh Ramazanov da (60 kq) Avropa birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz belaruslu Miko Xaçatryan üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü 1/8 finalda Bosniya və Hersoqovina idmançısı Adem Fetahoviçlə qarşılaşacaq. 

Yığmamızın liderlərindən olan Rahil Məmmədli də (81 kq) ilk görüşdə qələbə qazanıb. Məmmədli Gürcüstan təmsilçisi Georgi Georqadzedən üstün olub. Təmsilçimiz 1/8 finalda türkiyəli Rəsul Kuçukla döyüşəcək. 

Bu gün daha 4 boksçumuz rinqə çıxacaq. 
+91 kq. Məhəmmədəli Tahirov – Aurelian Turkanu (Rumıniya) 
69 kq. Hidayət Musayev – Konstantin Xustani (Gürcüstan) 
49 kq. Münasib Məmmədov – Anton Naxnakoy (Belarus) 
75 kq. Nəbi Bağırov – Mike Steffensen (Danimarka) 

Qeyd edək ki, Avropa birinciliyində Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edir.

Qaynar.info