Ölkə 16:31 29.04.2013

Hərbi hazırlıq dərsliyi yenidən hazırlanacaq

Azərbaycanda orta məktəblərdə tədris olunan «Gənclərin çağırışa qədərki hazırlığı» dərsliyi yenidən hazırlanacaq.

APA-nın məlumatına görə, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) Təhsil Nazirliyinə belə bir təkliflə müraciət edib.

Yeni dərsliyin hazırlanmasına səbəb hazırda orta məktəblərdə tədris olunan eyni adlı dərsliyin müasir tələblərə cavab verməməsidir. Eyni zamanda, Silahlı Qüvvələrdə aparılan müasirləşmə ilə əlaqədar silahlanmaya geniş çapda qəbul olunmuş silahlar, müasir texnikalar, Silahlı Qüvvələrin müasir strukturu, həmçinin qanunvericilik barədə məlumatlar dərslikdə əksini tapmayıb.

Yeni dərslik hərbi qurumların iştirakı ilə hazırlanacaq və orada gənc əsgərlər üçün zəruri olan bütün məlumatlar yer alacaq.

Qeyd edək ki, yaxın illərdə respublikadakı orta məktəblərdə hərbi kabinetlərin yaradılması, məktəblərin təlim silahları, o cümlədən atış simulyatorları (trenajor) ilə təchiz edilməsi də planlaşdırılır.

Qaynar.info