Çingiz Səfərli
Ölkə 13:36 07.12.2017

Həsəd apardığım adam

Çingiz Səfərli

2008-ci ilin 6 sentyabrı. Bu tarix heç vaxt yadımdan çıxmaz. Dəstəmazını alıb namazını qılmış, divanda oturub gözlərini əbədiyyən bu dünyaya yummuşdu...
 
Çalışmaqdan heç zaman yorulmazdı. Qaş qaralanda ya görürdün çiynində 2 dəriz (tay-red.) ot çayın o tərəfindəki bağımızdan evə doğru ahəstə addımları ilə gəlir, ya da gecənin zülmət qaranlığında fənərini və belini götürüb bağı suvarmağa gedir. Bağımız çayın lap kənarında idi. Hər dəfə sel gələndə bir tərəfini yuyub aparmışdı. Bağdan geriyə bir-iki ovuc torpaq qalsa da, yenə də əl çəkməzdi, otunu biçər, ağacını budayar, yay başlayandan payızın ortalarına qədər suvarardı. Səhər erkəndən oyanar, namazını heç vaxt gecikdirməzdi. Gözümü açandan onu elə görmüşdüm.

Beynimi ha qurcalasam da, xatirələrimi ələk-vələk eləsəm də, babamla bağlı yaddaşımda qalanlar beş-altı səhnədən o tərəfə keçmir. Ya samovarın yanında çay içir, ya zəhər kimi qoxusu olan filtirsiz "Astra" siqaretini çəkir, ya da hardasa, nə iləsə əlləşir. Günə 2-3 qutu siqaret çəkərdi. Hərdən mənə elə gəlirdi ki, babamın həyatda sevdiyi iki şey var: siqareti, bir də kibrit. Gözlərində həmişə dərin bir yorğunluq vardı, illərin məşəqqəti üzünün qırışlarından sezilirdi. Təsadüfi deyildi. Cavanlığından həmişə ağır işlərdə - dəmiryol stansiyasında, daş zavodunda çalışmışdı. Fəhləliklə, min bir əziyyətlə 6 uşaq böyütmüşdü. Əlləri işləməkdən o qədər sərtləşmişdi ki, arı ha əlləşsə də, onu sanca bilməzdi. Hərdən bizə gələndə bir arı tutar, onunla biraz zarafatlaşar, sonra da havaya buraxardı. Biz də maraqla bu mənzərəni izləyərdik.

Dövlət üçün 30 il çalışsa da, ay sonunda aldığı pensiyası siqaretinə və getdiyi xeyir-şər məclislərinə ancaq çatırdı. 40 illik bir saatı vardı. Üstündə bir-iki cızığı olsa da, çox səliqəli işlədirdi. Özünün həkimə getdiyini görməmişdim, amma saatını bəlkə 100 dəfə saatsaz yanına aparmışdı. İşləyib-işləmədiyini əqrəblərinə baxıb yoxlamazdı, yavaşca qulağına yaxınlaşdırar, çıkkıltısını dinləyər, sonra da gülə-gülə "işləyir” deyib, uşaq kimi sevinərdi. Üzü həmişə təmiz olardı. İldə iki dəfə özünə papaq tikdirərdi. Papaqçısı çoxdan bu sənətin daşını atsa da, ona heç vaxt "yox" deməzdi.

Babamı demək olar əsəbiləşən görməmişdim. Nə çox yorulanda, nə də kimsə onu incidəndə. Dərdini içində yaşayan, heç kimlə bölüşməyən biri idi mənim babam. Bircə siqareti qurtaranda yanında olmayaydın. Yadımdadı bir dəfə ot biçərkən daşın üstünə qoyduğu siqaretini qarğalar apardığından 2-3 saat siqaretsiz qalmışdı. Yaxınlaşıb həmişəki kimi kefini soruşdum. Düzü onu ilk dəfə idi belə görürdüm. Şirindilli babam birdən-birə sanki zəhər küpünə dönmüşdü. Üstümə qışqırdı, acılayıb yola saldı. Mən də qorxub ağlaya-ağlaya tez evə qaçdım. 

Düşmənçilik bilməzdi, bir az sadəlövh idi, hər deyilənə inanardı. Bunu bilənlər də onu ara-sıra aldadardılar. Yadımdadı bir dəfə kənd cavanlarından biri ona Kazım kişinin rəhmətə getdiyini demiş, o da tələm-tələsik Kazım dayıgilə yollanmışdı. Həyətə girəndə işlədiyini görüb, "Kazım, dedilər axı sən ölmüsən?”, deyib kişini də bir xeyli güldürmüşdü.

Evdə çox işlədiyi üçün məzəmmət eləsələr də, buna məhəl qoymazdı. Elə bil özünə əziyyət verməyi sevirdi. Bir də görürdün günün qızmar istisində bazardan pay-piyada, əlində bir zənbil ya da bir çörək üzüyuxarı evə gəlir. Kimin bir işi olsa, tez köməyə qaçar, işdən yorulsa da bunu heç kimə büruzə verməzdi. Onu sonuncu dəfə hələ yarı-yarımçıq tikili olan evimizin eyvanında gördüm. Rəngi solğunlaşmışdı, görünür dərdi var idi, amma bunu heç kəsə bəlli etmirdi. Hər dəfə soruşanda "yaxşıyam” deyib, hamını buna inandırırdı. Elə öldüyü günə qədər də ürəyinin ağrıdığını heç kəs bilmədi və sentyabrın 6-sı səssiz-səmirsiz bu dünyadan köçdü.
 
Ölümündən sonra geriyə bir-iki yamaqlı şalvar və çox sevdiyi tənbəki qutusu qaldı. Bir müddət sonra əkdiyi ağaclar qurudu, çiçəkləri soldu, cənnəti-rizvan bağçası xarabalığa çevrildi. O bağa bir daha heç kim onun kimi baxa bilmədi…