Dünya 17:00 14.10.2018

Həsən Ruhani: "ABŞ-ın hədəfi İrandakı rejimi dəyişikməkdir"

İran prezidenti Həsən Ruhani Tehran Universitetində yeni tədris ilinin başlaması münasibətilə təşkil edilən mərasimdə çıxış edib.

Qaynarinfo xəbər verir ki, İran prezidenti ABŞ-ın son addımları barədə açıqlamalarla yadda qalıb:
"ABŞ-ın İranla bağlı hədəfi rejim dəyişikliyidir. Bu məqsədinə çatmaq üçün iqtisadi və psixoloji müharibə elan edib. Növbəti mərhələdə ölkəmizdə legitimlik məsələsinin müzakirəyə çıxarılmasına çalışır. ABŞ rəhbərləri tarixdə görünməyən formada İran düşmənliyi ilə diqqət çəkirlər. Noyabrda qüvvəyə minəcək yeni sanksiyalar bizi ümidsiz etməməlidir. Yaxın gələcəkdə vəziyyət daha pis ola bilər, amma uzaq gələcəkdə hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, may ayında İranla imzalanmış nüvə müqaviləsindən imtina edən ABŞ bu ölkənin dollara, qızıl və digər qiymətli daşlara çıxışını bağlayıb, həmçinin alüminium, kömür, polad, avtomobil, mülki aviasiya sahələri də ciddi sanksiyalara məruz qalıb. 

5 noyabrda qüvvəyə minəcək sanksiyalar isə İranın neft şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq.

Gülşən