Siyasət 10:44 07.06.2013

Heydər Əliyev Fondundan ABŞ məktəbinə xeyriyyə yardımı - FOTOLAR


Azərbaycanla yanaşı onun hüdudlarından kənarda xeyriyyəçilik fəaliyyətləri həyata keçirən Heydər Əliyev Fondu tərəfindən bu dəfə ABŞ-ın Merilend Ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib.

Qaynar.info-nun xəbərinə görə, bu yardım əsasında həmin məktəblər üçün kompüterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıqlar alınacaqdır.  

Bu münasibətlə iyun ayının 6-da Merilend Ştatında qüsurlu uşaqların təhsil aldığı “Lonqvyu” məktəbində xüsusi mərasim təşkil olunmuşdur. Mərasimdə məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil sisteminə daxil təşkilatların nümayəndələri, yerli hakimiyyət dairələrinin təmsilçiləri və qüsurlu şagirdlərin bir qrupu qatılmışlar. İştirakçılar qarşısında çıxış etmiş Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə ilk növbədə onlara ölkəmiz və xalqımız haqqında məlumat vermiş, daha sonra Fondun qısa tarixçəsi, məqsəd və məramlarından söz açmış və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli fəaliyyətlər və onların əhatə dairəsi barədə danışmışdır.

Fondun prezidentinin uşaqlara yetirdiyi diqqət və qayğını xüsusilə vurğulamış C.Paşayeva-Seyidzadə mərasimin təşkilinin ölkəmizdə geniş qeyd olunan “1 iyun Beynəlxalq Uşaq Günü”nün ertəsinə təsadüf etdiyini və uşaqlara bəxş edilən sevincin qiymətsiz olduğunu söyləmişdir. Fondun nümayəndəsi yekunda “Lonqvyu” məktəbi ilə Azərbaycanın ixtisaslaşmış təhsil müəssisləri arasında təcrübə mübadiləsinin təşkilinin hər iki tərəf üçün faydalı ola biləcəyini göstərmişdir.

Mərasimdə çıxış etmiş Montqomeri dairəsinin Təhsil Fondunun icraçı direktoru Yolanda Pruit, dairənin təhsil xidmətləri mərkəzinin nümayəndəsi Lavern Kimbal və “Lonqvyu” məktəbinin əlaqələndirici Mişel Mak Heydər Əliyev Fonduna nümayiş etdirilmiş səmimi xeyriyyəçiliyə görə təşəkkür etmiş və bu təşəbbüsü çox yüksək qiymətləndirmişlər.

Tədbir iştirakçıları arasında olmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz növbəsində Heydər Əliyev Fondunun Montqomeri dairəsinin qüsurlu  uşaqların təhsil aldığı məktəblərə göstərdiyi xeyriyyə dəstəyinin onların duyduğu ehtiyacların qarşılanması ilə bərabər iki ölkənin xalqları arasında münasibətlərin dərinləşməsinə əhəmiyyətli bir töhfə olduğunu ifadə etmişdir.

Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan musiqisi incilərini əks etdirən disklər və məlumat broşurlarından ibarət hədiyyələri “Lonqvyu” məktəbinin rəhbərliyi minnətdarlıq hissi ilə qəbul etmişdir. Mərasimin sonunda məktəbdə qüsurlu uşaqların təhsili üçün yaradılmış şərait tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Qeyd olunmalıdır ki, Heydər Əliyev Fondu tərəfindən göstərilmiş xeyriyyə yardımına “Washington Times” qəzetində ayrıca bir məqalə həsr olunmuşdur.      

Qaynar.info