Dünya 10:53 16.02.2018

Hollandiya qondarma "erməni soyqırımı"nı tanımağa hazırlaşır

Hollandiya höküməti qondarma erməni soyqırımını tanımağa hazırlaşır.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, hökümətdə olan Xristian Birlik Partiyası məsələni gündəmə gətirib. Millət vəkili Joel Voordevind Hollandiya televiziyasına açıqlama verərək parlamentdə əksəriyyətin 1915-ci ildə baş verən hadisələri tanımaq tərəfdarı olduğunu deyib. Koalisiya üzvü olan 3 partiya da qərara müsbət yanaşır.

Hollandiya parlamenti hökümətdən 24 apreldə Ermənistanda keçiriləcək anma tədbiri üçün nazir səviyyəsində nümayəndə heyətinin göndərilməsini istəyib. Hökümət hələ qərarını açıqlamasa da, münasibətin müsbət olacağı təxmin edilir.

Parlament hələ 2004-cü ildə məsələni gündəmə gətirməyə çalışmışdı. 2015-ci ildə qondarma soyqırımın 100 illiyində Hollandiya səfiri iştirak etmişdi.

Qeyd edək ki, ötən il Hollandiya höküməti türkiyəli rəsmilərin ölkədə tədbir keçirməsinə icazə verməmiş, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəyə buraxılmamış və bundan sonra diplomatik böhran yaranmışdı. Ötən günlərdə isə Hollandiya Ankara səfirinin Türkiyəyə geri qayıtmasına icazə vermədi və diplomatik əlaqələri kəsdi.

Gülşən