Foto 23:11 18.11.2017

Hollivud ulduzu məşhur cinayətkarla həbsxanada evləndi (FOTOLAR)

İngiltərənin ən məşhur və amansız cinayətkarı Çarlz Bronson Hollivud aktrisası olan sevgilisi ilə həbsxanada evlənib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "HMP Wakefield" həbsxanasında olan 64 yaşlı Bronson 41 ildir azadlıqdan məhrum edilib və onun yenidən həbsdən çıxma ehtimalı yoxdur. Çarlz özündən 27 yaş kiçik aktrisa Paula Villiamsonla evlənib. Cütlüyün münasibəti məktublaşma nəticəsində yaranıb və onlar evlənmək qərarına gəliblər. 

Cinayətkarlara xüsusi marağı olan Villiamsonun daha əvvəl Bredli adlı pedofil qatil və silahlı cinayətkar sevgilisi də olub. 

Bronson ilk dəfə 1974-cü ildə 22 yaşı olan zaman həbsə girib və daha sonra cəmi 131 gün azadlıqda qala bilib. O, "Azad edilməsi dövlət və milli təhlükəsizlik üçün təhlükə yaradan cinayətkar" hesab edilir. 

Cinayətkar 1-ci dəfə 18 yaşında evlənib və onun 1 övladı var. Çarlz 2001-ci ildə məktublaşma yolu ilə tanış olduğu müsəlman Seyra Rəhman adlı qadınla evlənib, İslamı qəbul edib, lakin boşanandan sonra bu dindən imtina edib.

Fiziki gücü ilə məşhur olan bu şəxsin həqiqi adı Maykl Petersondur və sirkdə çalışdığı dövrlərdə bir aktyordan təsirlənərək Çarlz Bronson ləqəbindən istifadəyə başlayıb. 

Qeyri-adi cütlüyün nikahında 5 nəfər iştirak edib və mərasimdə ciddi təhlükəsizlik tədbirləri təmin edilib. Bronson həyat yoldaşı nikaha tək gəlməsin deyə pulla dublyor kirayələyib. O, bu mərasimdən çəkilən fotoları qəzetə satıb. Mərasimdən sonra Paula təkbaşına Maltaya bal ayına gedib.

Qeyd edək ki, Çarlz Bronsonun fitnesə aid yazdığı çox sayda kitab var və o bu kitabların satışından qazandığı pulları uşaq və heyvan hüquqları ilə məşğul olan təşkilatlara yatırır.

Gülşən
Qaynarinfo.Az