Ölkə 10:30 22.07.2013

Hüseyn Abdullayevin vəkilindən yeni AÇIQLAMA


Keçmiş deputat Hüseyn Abdullayevin vəkili Akif Əlizadə iyulun 22-də “Azadlıq” qəzetinə yeni məlumat göndərib. Məlumatda deyilir ki, H.Abdullayevin atasının Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə rəsmi müraciətindən, eləcə də müdafiəçinin Baş Prokurora şikayətindən sonra A.Əlizadə iyulun 19-dan keçmiş deputatın müdafiəçisi qismində cinayət prosesinə buraxılıb. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamın mahiyyətini öyrənib, H.Abdullayevin barəsində olan bir sıra sənədlərlə tanış olub.

H.Abdullayevə qarşı hazırlanan ittiham və sənədlər barədə məlumatlar bunlardır:

Vergilər Nazirliyinin müvafiq qurumu 06 iyun 2013-cü il tarixdə  “ARAZ İNC” MMC-də gizli kameral yoxlama keçirmiş, həmin gün də müəsisəyə 381.606,03 manat vergi borcu olması barədə bildiriş verilmişdir.

07 iyun 2013-cü ildə adıçəkilən Departamentdə “ARAZ  İNC” MMC-nin vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə cinayət işi başlanmışdır.

Baş Prokurorluğun 18.06.2013-cü il tarixli, 01/02-2409 saylı məktubu və istintaqı aparan Departamentin vəsatətinə əsasən Səbail rayon məhkəməsinin 13.06.2013-cü il tarixli qərarı ilə "ARAZ İNC" MMC-də 01.08.2006-cı ildən 01.01.2013-cü ilədək olan dövr əhatə olunmaqla təkrar səyyar vergi yoxlaması aparılması qərara alınmışdır.

Başlanan cinayət işinə heç bir aidiyatı olmasa belə, həmçinin aparılan təkrar səyyar vergi yoxlaması başa çatmadan 25  iyun 2013-cü ildə  H.Abdullayev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elə həmin gün də axtarışı elan edilmiş, 1 gün sonra isə Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay həddində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılmışdır.

Sözügedən təkrar səyyar vergi yoxlaması 21.06.2013-cü ildə başlamış, 01.07.2013-cü ildə isə başa çatmış və bu barədə həmin tarixli AKT tərtib edilmişdir. Həmin AKT-la müəyyən edilmişdir ki, “ARAZ İNC” MMC yoxlama dövründə 152.084,52 manat mənfəət vergisini, 1.320.551,72 manat isə əlava dəyər vergisini azaltmışdır.

***

Müdafiə tərəfi vurğulayır ki, səyyar vergi yoxlaması başa çatmadan, həmin AKT-ın məhkəmə qaydasında mübahisələndirilməsinə vaxt və imkan verilmədən, həmçinin AKT-ın doğruluğunun müvafiq məhkəmə ekspertizası rəyi ilə təsdiq edilməsini gözləmədən H.Abdullayevi tez-tələsik vergi cinayətində təqsirli bilmək xeyli suallar doğurur. “Digər çoxsaylı sualları hələlik qabatsaq da, 01 iyul 2013-cü ildə başa çatan yoxlamadan 6 gün əvvəl, yəni 25 iyun 2013-cü ildə H.Abdullayev hansı mənbədən istifadə edilməklə vergi cinayətində təqsirli sayılıb sualı yəqin açıq qalacaq”, - deyə vəkil bildirir.

Müdafiə tərəfi bir daha vurgulayır ki, H.Abdullayevin “ARAZ İNC” MMC-yə heç bir aidiyyatı yoxdur. Onun bu müəsisəyə faktiki rəhbərlik etməsi istintaqçının ehtimallarına söykənir.
“ARAZ  İNC” MMC-nin mühasibinin cinayət işində vergidən yayındırılan məbləğ kimi göstərilən 1.435.888,40 manatın elə 1 iyul 2013-cü ildə də artıqlaması ilə ödənməsi o deməkdir ki, cinayət işinin sözügedən ittihamına xitam verilməlidir. Lakin bu vaxta qədər bu baş verməmiş və görünən odur ki, istintaq orqanının belə bir istəyi də yoxdur. Hətta köçürülmüş məbləğin bu vaxta qədər müəsisənin adına yerləşdirilməməsi ilə bağlı coxsaylı şikayətlərə belə məhəl qoyan yoxdur”, - deyə məlumatda qeyd olunur.

Müdafiə tərəfi səlahiyyətli şəxslərdən təkrarən xahiş edir ki, 21 gün əvvəl istintaq orqanının təkidli tələb və təzyiqi ilə müvafiq hesaba köçürülmüş bir milyon dörd yüz əlli min əli manatın taleyini həll etsinlər.

Məlumatda daha sonra bildirilir ki, H.Abdullayevin barəsində olan həbs qərarından  22 iyul 2013-cü ildə apellyasiya şikayəti verilib. Müdafiə tərəfi hesab edir ki, həbs qərarı əsaslı və qanuni deyil. Ona görə ki, H.Abdullayev sözügedən cinayət işi başlanandan 25 iyunadək  bir dəfə də olsun qanunla nəzərdə tutulmuş və ya tutulmamış qaydada istintaqa dəvət edilməyib, onun istintaqa gəlməli olması barədə birgə yaşadıqları valideynlərinə və ya ailə üzvlərinə məlumat verilməyib və ya harada olması barədə qohumları dindirilməyib.

“H.Abdullayevin qeyd edilən dövrdə və hazırda da istintaqa gələ bilməməsi üzürlü səbəbdən, yəni müalicə məqsədilə ölkədən kənarda olması ilə bağlıdır.

H.Abdullayev hesab edir ki, onun əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalması, barəsində həbs qərarı çıxarılması və beynəlxalq axtarışa verilməsi söz və musiqi müəllifliyi ona məxsus olan “Susma” mahnı-marşının yayımı ilə bağlıdır. Belə ki, adı çəkilən mahnı klipi 5 iyun 2013-cü ildə “youtube”da və əksər yerli internet xəbər portallarında yayılmışdır. Mahnının klip görsəntilərində bu ilin yanvar-fevral aylarında Bakı şəhərində keçirilən mitinqlərdə insanların tələbləri və sair nümayiş etdiririlir. Klipin yayılmasından bir gün sonra Vergilər Nazirliyinin ona qarşı "səlib yürüşü" o deməkdir ki, hazırkı iqtidar ondan qisas almaq və onu birdəfəlik susdurmaq, həmçinin başqalarına da dərs vermək məqsədi güdür”.

Qaynar.info