Ölkə 19:53 19.07.2013

Hüseyn Cavidin əsərləri ilk dəfə Türkiyədə nəşr olunub

Dahi filosof şair və dramaturq Hüseyn Cavidin yaradıcılığı qardaş Türkiyədə də böyük maraqla qarşılanıb. 

Bu günlərdə qardaş ölkədə ilk dəfə müasir türk dilinə uyğunlaşdırılaraq nəşr olunan “Hüseyn Cavidin əsərləri” kitabı buna bariz nümunədir.

AzərTAc xəbər verir ki, Hüseyn Cavidin yaradıcılıq incilərinin toplandığı monumental əsər “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Mərkəzinin təşəbbüsü və maliyyə yardımı ilə qardaş Türkiyədə işıq üzü görüb.
Türkiyənin məşhur “Küsena Yayınları”nın nəfis tərtibat və xüsusi zövqlə nəşr etdiyi kitabın tərtibçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Azər Turandır.
Ümumilikdə 950 səhifədən ibarət olan son dərəcə sanballı bu kitabda böyük ədibin bir neçə fotoşəkili də yer alıb.
İnanırıq ki, böyük Azərbaycan mütəfəkkirinin möhtəşəm əsərləri Türkiyə oxucuları tərəfindən də rəğbətlə qarşılanacaq.

Qaynar.info