Hüseynbala Səlimov

Səhv etmirəmsə, hələ yunan Heraklit deyirdi ki, hər şey axır, hər şey dəyişir. Amma bizim keçmiş sovet məkanın böyük bir hissəsində hər şey axır, fəqət, heç nə dəyişmir. 

"İndi də klubumuzun fəalları Hüseynova bacıları məharətlərini göstərəcəklər”. Məni qınamayın, Vladimir Putinin növbəti andiçmə mərasimini seyr edərkən, xüsusən də onun yeni prezidentlik dönəmində ilk sərəncamına qulaq verərkən yenə də məşhur kinokomediyalarımızın bu sözləri yadıma düşdü.
Bəli, mən çoxdan özüm üçün Putin-Medvedev tandemini "Hüseynova bacıları” kimi işarələmişəm. İndi də bir daha deyirəm ki, Kreml də, elə Rusiya və ruslar özləri də daha altı il bu tandemin öhdəsinə qaldı. 

Əgər kimsə ümid edirsə ki, V.Putin növbəti altı ildə yeni nəsə edəcəkdir, böyük səhv edir – üç prezidentlik müddətində bu adam nə etmişdisə, onu da davam etdirəcəkdir: idarəetməmədə "qayka”ları bir az da bərkidəcək, onu – bunu güdməkdə və repressiv metodlara daha çox müraciət etməkdə davam edəcək, özünün Rusiyanın dünyada təklənməsinə aparan siyasətini davam etdirəcəkdir.

Hətta deyərdim ki, böyük ehtimalla növbəti altı ildə də ölkənin prezidenti rolunu qısaboylu, dili gödək Medvedev icra edəcəkdir, çünki Putin özünün təqaüd dövrünü də rahat başa vurmalıdır. 

Onun bu dəfə də Aleksey Navalnını prezident seçkilərinə buraxmamasının əsas səbəbi bu idi. Aleksey müəllim indiki seçkidə heç də Putinə rəqib deyildi, o, daha çox Vladimir müəllimin altı il sonrakı planlarına rəqib və müxalif idi. 

Əgər V.Putin altı ildən sonra yenidən baş nazir olmaq fikrinə düşməsə mən buna çox təəccüblənərəm. Hər halda, altı il böyük müddət də deyil və xüsusən də nəzərə almaq lazımdır ki, biz azərbaycanlıların nəinki altı il, hətta on illərlə gözləmək sahəsində böyük təcrübəmiz var...
O ki qaldı bu adamın yeni vədlərinə, mən onun boynunu özünəməxsus  şəkildə qısaraq oxuduğu mətndən qəti bir şey anlamadım, hamısı ümumi sözlər idi və biz bunu artıq dəfələrlə eşitmişik.   

Nə etmək olar? Ruslar özləri belə istəyirlər, bunlara çörək-su vermə, əvəzində köhnə valları fırladıb "Şiroka strana moya!” oxut, səndən yerlə göy qədər razı qalacaqlar. 

Hərdən bunların kanallarında yayımlanan bəzi siyasi tok-şoulara baxıram, daha doğrusu, baxmağa çalışıram, çünki bu çığır –bağırı sakit, əsəbləşmədən seyr etmək mümkün deyil. Bir dəfə biri qayıtdı ki, axı biz niyə normal ölkə, məsələn, Avropa ölkələri kimi olmayaq? A kişilər, bu adamın üstünə qarğa - quzğun kimi elə düşdülər ki, çətin o, bir daha belə şoulara qatıla...

Şəxsən mənim qənaətim budur ki, bu rusiyalı teleaparıcıların-jurnalistlərin tamam hamısı olmasa da, hər halda, böyük bir əksəriyyəti təhlükəsizlik strukturları ilə əməkdaşlıq edir, çünki bu adamlar ağızlarını açan kimi bəlli olur ki, hansı havanı ifa edirlər.

Amma sözüm qəti bunda da deyil. Mənim demək istədiyim budur ki, növbəti ildə də daha çox Rusiyanın məzmunu yox, iddiaları və hətta ola bilsin ki, ölçüləri böyüyəcəkdir.  

Təbii ki, hamını bunun Azərbaycan üçün mümkün nəticələri maraqlandırır. Bəri başdan deyim ki, Putin hakimiyyətimiz bir yana, hətta hər birimizə yetərincə tanış siyasi fiqurdur. Ona görə də bu müstəvi üzrə də ciddi dəyişiklik yaşanmayacaq.

Amma bir məsələ var. Ermənilər ən azı göstərdilər ki, onlar sarıdan da tamam arxayın - farağat olmaq düzgün deyil – haylar tarix boyu hamını satdıqları kimi, bir gün Rusiyanı da sata bilər. Düzdür, Kremlin burada rişələri dərindədir, amma onları qoparmaq tamam müşkül iş də deyildir. 

Bir sözlə, Qafqaz Rusiyanın ayaqları altında titrəyir, daha indiki rus şairləri Puşkin kimi arxayınçılıqda "Qafqaz altımdadır...” deyə bilmirlər.

Bir ölkə–Gürcüstan artıq çoxdan səmtini müəyyən edib, digəri - Ermənistan da prinsipcə, ayağını cızıqdan kənara qoya bilər. Azərbaycan isə öz yolu ilə gedir: nə Gürcüstan kimi Rusiyaya qarşı de - marş edir, nə də Ermənistan kimi onun ağuşuna atılır, Kremldən də, onun çox ehtiyat etdiyi Qərbdən də məsafə saxlayır. Heç şübhəsiz, bu məsafə yalnız və yalnız ölkənin maraqlarının diqtəsi tək formalaşmır, Qərbədək məsafəni həm də hakimiyyətin özəl maraqları tənzimləyir. 

Təbii, Azərbaycanın Rusiya ilə ilişgili əsas problemi Qarabağdır. Hazırda Ermənistanla Rusiya arasında çat yaranacağı istisna olunmur və bu, bizə şans verir. Artıq azərbaycanlıları "qardaş xalq” adlandıranlar da var. Amma bizim Moskva ilə qardaşlığımız olub, özü də 70 il. Ona görə də daha yaxşısı dost olmaqdır, çünki qardaşın böyüyü və kiçiyi olur...

O ki qaldı bir daha Ermənistan-Rusiya münasibətlərinə, Putin də, Medvedev də N.Paşinyanı təbrik etməyə məcbur oldular. Üstəlik, mən bu yazını yazarkən deyilirdi ki, Paşinyanın mayın artıq birinci yarısında  Soçidə Putinlə görüşmək imkanı olacaq. 

Sözsüz, Paşinyan Koçaryan və Sarksiyan deyil, hətta Ter-Petrosyan da deyil, Kreml üçün də çox məchul adamdır. Amma onun ilk sayıqlamları göstərir ki, Kreml bu adamla işləyə bilər. Həm də Kremlin Ermənistanın siyasətini tənzimləmək üçün yetərincə "rıçaq”ları var. Onlardan birincisi də təbii, Qarabağ problemidir. Yekun nəticə demək hələ tezdir, amma ilk bəyanatlardan belə görünür ki, Paşinyan da həvəslə bu tilova gəlir...