Siyasət 12:52 03.05.2013

“İbrahimbəyovla birbaşa əlaqələrimizin olmaması problem yaradır” -Arif Hacılı

“Qurumun rəhbərliyinə aid olan məsələlər ikinci dərəcəlidir”

“Müsavat Partiyası tərəfindən bütün işlər yekunlaşmaq üzrədir. Milli Şuranın fəaliyyət prinsipləri, hədəfləri və digər məsələlərlə əlaqədar layihə hazırlayıb müzakirəyə təqdim etmişik”.

Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Milli Şuranın formalaşması və onun fərdi tərkibi ilə bağlı Müsavat Partiyasının təklifləri hazırdır: “Hazırda prosesin yekunlaşması üçün müzakirələrdə iştirak edən digər tərəflərin bu məsələlərlə əlaqədar razılığa gəlməsi tələb olunur. Problem yaradan əsas məsələlərdən biri Rüstəm İbrahimbəyovla birbaşa əlaqlərin olmamasındadır. Təəssüf ki, o, Milli Şuranın yaranması ilə əlaqədar müzakirələri vasitəçiləri ilə aparır. Öz mülahizələrini birbaşa bizə deyil, mətbuata açıqlamaqla bu məsələlərdə iştirak edir. Bu da prosesin uzanmasına səbəb olur”.

Müsavat funksioneri qeyd edib ki, Milli Şuraya kimlərin rəhbərlik edəcəyi əsas məsələ deyil: “İlk növbədə biz Milli Şuranın hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyini və hansı hədəfləri seçəcəyini müəyyənləşdirib razılığa gəlməliyik. Bundan sonra qurumun fərdi tərkibi ilə razılıq əldə olunmalıdır. Milli Şuranın idarə olunmasına gəldikdə isə ilkin layihələrdən görünür ki, orada çoxsaylı yüksək idarəçilik təcrübəsi olan insanlar olacaq. Əslində, qurumun rəhbərliyinə aid olan məsələlər ikinci dərəcəlidir”.

İlkin
Qaynar.info