Ölkə 16:54 19.06.2018

İbrahimov Mübariz... "Mən"!

Düz 8 il öncə

Gecədir. Bölük yatır. Komandir kazarmaya girib "qalx” komandası verir. Bir neçə saniyədən sonra əsgərlər sıraya düzülür və komandir şəxsi heyəti yoxlayır. Hamı yerindədir. 

Bayırdan atışma səsi gəlir. Əsgərlərə "yat” komandası verilir...

Səhərdir. Atışma dayanıb. Bölükdə gücləndirilmiş rejimdi. Ara-sıra söyüş eşidirəm. Kiminsə dilindən "vətən xaini” sözü çıxır. 

Səccadəni görən vəzifəlilər deyinirlər. "əl-Qaidə”nin adı çəkilir.

Bir zabit məni yanına çağırıb əsəbi halda dillənir: "Gördün də dostun başımıza nə oyun açdı...” 

Susuram, pərt olmamağa çalışıram. Ürəyim deyir ki, çox keçməyəcək "dostun” sözünə görə qürur duyacağam. Susuram...

Soltanovla danışırıq. "Ağlın nə kəsir?” deyir. "Şəhid olub inşallah” deyirəm. Soltanovun gözləri yaşarır.

Söyən kim, deyinən kim, ağlayan kim...

Bir neçə saat keçir. Gödəkçənin cibindən bir kağız tapılır. Sular durulur. Kiminsə dilindən "milli qəhrəman” sözü çıxır. "Allah var” deyirəm.

Soltanovla danışırıq. Cibindən möhürü çıxarıb "Bu, onundur” deyir. Öpüb gözümün üstünə qoyuram.

...

Bir neçə ay sonra

Posta onun adını veriliblər. Axşam yoxlanışıdı. Bölüyün əsgərləri sıraya düzülüb. Bölük növbətçisi siyahı üzrə adları oxuyur. Adı çəkilən hər əsgər ucadan "mən” deyir.

Bölük növbətçisi sonuncu ada çatır: "İbrahimov Mübariz”.

Hamı bir yerdə canlara vəlvələ salan bir səslə: "Mən” deyir.

Rəşad Həsənov