Sənət 11:49 11.12.2019

“İçərişəhər”də Nəsimin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransı keçirilib. 

Qaynarinfo xəbər verir ki, konfrans çərçivəsində "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsində hazırlanmış "Bir əsrlik Nəsimi araşdırmaları” adlı 800 səhifəlik kitab da təqdim olunub.

Tərtib olunmuş proqrama əsasən filologiya üzrə fəlsəfə doktoru, Elm şöbəsinin müdiri İradə Musayevanın moderatorluğu ilə təşkil edilmiş tədbirdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov salamlama nitqi ilə çıxış edərək bildirib ki, ölkəmizdə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən "İllik tədbirlər planı” tərtib edilib. 

Plana uyğun olaraq il ərzində Qoruq İdarəsi tərəfindən müxtəlif formatlı tədbirlər keçirilib. Nəticə etibarilə respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşünasları və klassik tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdən ibarət "Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitab ərsəyə gəlib. 
Layihənin rəhbəri  İradə Musayeva bildirib ki, Nəsimi irsinin dərindən araşdırılmasının və eləcə də təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamına əsasən bu il Azərbaycan Respublikasında "Nəsimi ili” elan edilmişdir. Elmi əsərlərdən ibarət irihəcmli "Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabdan  elmi-mədəni, ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri əhəmiyyətli dərəcədə yararlana bilər. Kitabın I fəsli müasir nəsimişünasların, II fəsli isə klassik tədqiqatçıların İ.Nəsimi haqqındakı məqalələrindən ibarətdir.

Daha sonra kitabın elmi redaktoru Milli Məclisin komitə sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib: "Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir. Ruhun, azadlığın ifadəçisi olan Nəsiminin dili əslində qeyd edilən 100 illik müstəqilliyimizin davamı deməkdir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsiminin anadan olması münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünü yüksək dəyərləndirən akademik deyib ki, 1417-ci ildə Nəsiminin həyat "ağacı”nı köklü formada yerindən çıxartdılar, amma indi Nəsiminin şərəfinə 650 min ağac əkilir.
 
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqındakı sərəncamları Nəsimi irsinin daha geniş tədqiqinə və şairin daha geniş coğrafiyada tanınmasına təkan verib.
 
Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva kitab haqqında və orada yer alan elmi məqaləsi barədə danışıb. Bildirib ki, sözügedən kitab dünya kitabxanalarına da təqdim olunacaq.

Həmçinin tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev "Nəsimi: edamdan sonrakı həyat”, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli  "Nəsimi şeirində Qurani-Kərim və hədislər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuridə Novruzova  "Nəsimi şeirlərində poetik müraciət formaları” adlı məruzələrlə çıxış ediblər. 

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında "Nəsimi” adlı kompozisiya təqdim edilib. Tədbir çərçivəsində Nəsiminin miniatür obrazlarını əks etdirən rəsm sərgisi də nümayiş olunub.