Ölkə 17:49 17.10.2013

İçimə gömdüyüm bayram sevinci...

... və ya qarışıq duyğular

Bu yazı şəhid anası ilə yol-yoldaşı olub, dərdləşdiyimiz məqamlardan yarandı. İstər-istəməz onu və onun timsalındakıları bu yazı ilə yad etmək istədim...Onlar bu bayramları çoxdan (Ananin özü demiş) içlərinə gömdülər.

Hay–həşirimiz yenə aləmə səs salıb, axı bayramdı... Hərdən düşünürəm ki, bəlkə də, bizim qədər bayramları sevən toplum yoxdur. Bir bəhanə lazımdır ki, Bakıda mavi ekranlarda aləmi bir birinə qataq.. Sözün əsl mənasında qataq. Hardan başlayıb harda qurtaracağımızın fərqinə varmadan.Əslində Qurban bayramı çox müqəddəs bayramdır.Onun  tarixçəsindən danışmaq fikrim yoxdur, çünki bu mövzunu araşdıran peşəkarlarımız var. Amma buna baxmayaraq kaş hər dəfə uzun uzadı musiqi nömrələrindənsə bu bayramın müqəddəs tərəfləri KİV-də araşdırılardı oxucu,tamaşaçı bir daha maarifləndirilərdi.

Hamımız bu bayramı qeyd edirik,imanlımız da imansızımız da bir növ adət halını alıb...Nə xoş bu bayramı bütün irfaniliyi,ülviliyi ilə qeyd edənlərin halına.Çünki QURBAN olmaq kiməsə, nəyəsə fəda olmaq böyük ürək istər. Böyük ürək isə BÖYÜK İNSANLARDA olur.

O, BÖYÜK İNSANLARIN bayramını təbrik etmək istəyirəm. O, boyük insanların ki, sözdə yox, əməldə QURBANIN nə olduğunu bilirlər. Bilməkdən çox onu hər gün, hər an yaşıyırlar.

O BÖYÜK İNSANLAR ki övladları onları deyil,onlar ovladlarının görüşünə gedirlər...Arzuları, ümidləri paramparça olmuş halda gedirlər. Soyuq daşdan boylanan, o doğma gözlərdən, sevgi, xatirələr dolu baxışlardan başqa heç nələri olmayan BOYÜK İNSANLAR .

Bayramınız mübarək Şəhid anaları, Şəhid bacıları. ALLAH sizə səbir, bir də dözüm versin.

Bu gün sizi təbrik etməyi, sizə diqqət ayırmağı bir vətəndaş olaraq özümə borc bildim. Kaş bu borcu hər birimiz, hamılıqla dərk edə bilsəydik. Kaş dərk edə bilsəydik sizin vüqarınızı,əzəmətinizi.. - AĞRILARINIZI. Bayramda yolda qalan gözlərinizin intizarını, döyülməyə həsrət qapılarınızı... Çox təəssüf bütün bunları duya bilmədik.

Heç olmasa yaxşı nüansları mənimsəyək. Məsələn, Türkiyədə birinci əli öpülən, qapısı döyülən məhz şəhid valideyinləri oldu. İlk bu işi başlayanlar isə KİV oldu. KİV-dən məmurlara ,məmurdan isə Baş nazirə. Nə gözəl ənənə...

Bu görüşlərdən təskinlik tapan valideyinləri izlədikcə daxilən bir daha əzildim...

Nədən? Nədən bu yaşantıları,bu böyüklüyü bizlər toplumla bölüşə bilmirik.Niyə bu kimi hisslərdən uzağıq. Niyə özümüzə verdiyimiz qurbanlara bunca laqeyidik.

Müharibə şəraitində QURBAN BAYRAMINI qutlayan bir məmləkət öncə torpağımız  üçün qurban gedənlərin qapısını döyməli, onları yad etməli,  onları mavi ekranların gündəminə, günün mövzusuna çevirməlidirlər.Topluma, bəlkə, bu səpgidə (millətə sevgini, özündərki) mövqeyimizi çatdiraq. Çatdıraq ki, QURBANIN, MÜCAHİDLİYİN nə olduğunu bizdən sonra gələn nəsillər yaşada bilsin. Qorxuram bunu yaşada bilmədiyimizdən Mirzə Cəlil demiş moltanı, ya da missonerlərin qurbanına çevrilən yarım dönmüşlər, ya da bentenli,spayderli super mənli bir nəsil sonda elə özümüzü günahlandırsın...

Hələliksə günahlara bata-bata paytaxtda həşirnən “qurbanlıq əti satılar, ya satılmaz”,”Toylar kraliçasında” növbəti kraliça ovuna çıxaraq, vur çatdasın, çal oynasın,ən yaxşı halda isə “yevrovijnda” vijnnaşırıq.

Allah axırımızı xeyrə calasın. Sizlərnən bölüşəsi məqamlar çox olsa da qarışıq duyğular içərisində daha davam etmək istəmirəm...

Qurbanın, qurbanlığın nə olduğunu bilən Şəhid anaları, ataları, BAYRAMINIZ mübarək. Bu təbriki az-çox ağrılarınızı duyan bir vətənsevərin duaları kimi qəbul edin. TORPAQLARIMIZA qurban verdiyiniz OĞULLARIN təskinliyini inşallah BÜTÖV AZƏRBAYCAN  torpaqlarında qeyd etmək ümidilə!..

 Sevda Hüseyn
Qaynar.info