Siyasət 12:59 12.04.2013

“İcra başçısı işindən azad olunmalıdır”

“İşğal altında olan bir rayonun icra başçısının bu cür savadsız, təhdidedici çıxışı müsbət hal deyil. Bu, artıq Azərbaycan məmurunun mahiyyətini göstərir. İlham Əliyev bu haqda düşünməlidir ki, onun təyin etdiyi məmur necə ifadələr işlədir. Bu məmur hələ də bilmir ki, Cəbrayıl torpaqları işğal altındadır və İsa Qəmbər də Cəbrayıla gedib insanlarla görüşə bilməz”. 
Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Cəbrayılın icra başçısının İsa Qəmbər haqqında dediklərinə münasibət bildirərkən deyib.
İsa Qəmbər siyasi partiyanın rəhbəri kimi hər hansı ölkə vətəndaşı ilə partiyanın qərargahında görüşməkdə tam sərbəstdir deyən partiya funksioneri bildirib ki, Azərbaycan Konstitusiyasında partiya qərargahında görüşlərin keçirilməsinə heç bir məhdudiyyət yoxdur: “Əgər icra başçısı Müsavata gələcək cəbrayıllıları döyməyi nəzərdə tutursa, bu, yanlış mövqedir. Çox təəssüf edirəm. Şəxsən tanıdığım cəbrayıllılara belə bir şəxsin başçılıq etməsi üzücüdür. Belə bir şəxsin məmur olması isə Azərbaycan hakimiyyətinin mahiyyətini açır. Fikrimcə, bu gün İlham Əliyev həmin icra başçısını işindən azad etməlidir”.
Başqan müavini qeyd edib ki, Lənkəran səfəri zamanı İsa Qəmbər döyüləcək sözləri işlədilməmişdi: “Orada da buna oxşar hərəkətlər etdilər, amma hər halda onların çıxışlarında belə bir ifadə işlədilməyib. Bu şəxs isə qabaqcadan təhdidedici ifadələr işlədir. Əslində, bu cinayət məsuliyyəti daşıyır. Azərbaycan məhkəmələri bu işə baxmayacaqlar deyə hələ ki buna əhəmiyyət vermək fikrində deyilik. Ola bilər, vəkillərlə məsləhətləşək, bu məsələnin hüquqi müstəvidə həllinə çalışaq”.
Qeyd edək ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev deyib ki, İsa Qəmbərin Cəbrayıl rayonunda heç bir dayağı yoxdur: “İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir. Mən bunu anlamıram. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq".

İlkin
Qaynar.info