Ölkə 12:36 14.05.2018

İcra başçısından açıqlama: “Petek xanımdı da, ağzına gələni deyib”

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcəyi ilə bağlı xəbər yayılıb. Bu barədə sənətçi "ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: "Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

Yayılan xəbərlə bağlı "Bizim Yol" Şəkir Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla əlaqə saxlayıb. O açıqlamasında məlumatın yalan olduğunu bildirib:

"Petek xanımdı da, şou-biznes əhlidi, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə, bu nə dərəcədə düzgündür? İcra Hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsaydı, bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burda torpaq alması mümkün deyil".

Daha sonra Elxan Usubov bunları deyib: "Petek xanım Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki şəhər İcra Hakimiyyəti və ARB kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz".