Ölkə 12:53 12.01.2014

İcra başçısının oğlu ilə bağlı açıqlama

Sabirabad rayon İcra Hakimiyyəti icra başçısı Nazim İsmayılovun oğlunun qəza törətməsi barədə yayılan xəbərlərə reaksiya verib. 

İH-nin mətbuat xidmətindən Qaynar.info-ya daxil olan açıqlamada deyilir: 

"Saytınızda “İcra başçısının oğlu xidməti maşını ilə qəza törətdi” başlıqlı xəbər yerləşdirmişdir. Yazıda göstərilir ki, güya rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobili ilə qəza törədərək iki “VAZ 06” markalı avtomobili əzərək yararsız hala salıb. Həmçinin iddai olunur ki, icra başçısı hazırda ölkə xaricində məzunuyyətdədir.

Məlum edirik ki, tərəfinizdən yayılan məlumat əsasız, yalan və böhtan xarakterlidir. İcra başçısının xidməti avtomobili ilə heç bir qəza törədilməyib, belə bir hadisə olmadığı üçün də “polis tərəfindən də hadisə yerindən aparılmayıb”.

İcra başçısı həqiqətəndə növbəti əmək məzunuyyətindədir, yazdığınız kimi ölkə xaricində deyil, respublikadadır. Bir daha bildiririk ki, məlumatınız qərəzli olması ilə yanaşı kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”.

Xatırladaq ki, sözügedən xəbərdə bildirilir ki, hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş. Mənbənin dediyinə görə, polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb. Hazırda icra başçısının “Prado” markalı maşınının polis idarəsinin həyətində olduğu da bildirilir. 

Qaynar.info