Siyasət 18:24 22.05.2013

İctimai Palata Azər Ayxanla bağlı bəyanat verdi

Mayın 22-də İctimai Palatnın Koordinasiya Şurasının toplantısı olub. 

Koordinasiya Şurasının dönəm sədri Ədalət Yusibovun “Yeni Müsavat”a verdiyi məlumata görə, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı İctimai Palatanın bayram tədbirinin təşkili və proqramı ilə bağlı müzakirə aparılaraq qərarlar qəbul edilib. İctimai-siyasi vəziyyət müzakirə olunarkən demokratik qüvvələrin geniş inteqrasiyası məsələsi müzakirə edilib. Lakin konkret qərar qəbul olunmayıb.

Ə.Yusibov eyni zamanda məlumat verdi ki, Koordinasiya Şurası son vaxtlar mətbuata basqıların artması , “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın təhdid və açıq nömrədən zəng edilərək təhqir olunması ilə bağlı bəyanat qəbul edib: “Bəyanatda “Azadlıq” qəzetinin bank hesabının bağlanması bu qəzetin faktiki bağlanmasına hesablanmış siyasət kimi dəyərləndirilib. Eyni zamanda bəyanatda deyilir ki, Azər Ayxanın açıq nömrələrdən zəng edilərək təhqir və təhdid olunması ilə bağlı rəsmi dövlət orqanlarının, xüsusilə hüquq-mühafizə orqanlarının heç bir tədbir görməməsi təəssüf hissi doğurur. İctimai Palata müvafiq hakimiyyət orqanlarından Azər Ayxanı təhdid edənlərə qarşı konkret tədbir görülməsini tələb edib. Bəyanatda “Obyektiv TV”nin müxbiri Vəfa Nağının döyülməsi də pislənilib”.

Qaynar.info