Ölkə 17:34 07.02.2013

İctimai Palatadan daha bir istefa

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev İctimai Palatadan çıxıb.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında B.Quliyev məlumat verib. Onun sözlərinə görə, fevralın 7-də CXP-nin Siyasi Şurasının iclası olub. Siyasi Şura üzvləri partiyanın sədrinin bundan sonra İctimai Palatada təmsil olunmasının heç bir perspektivinin olmadığını əsas göstərib və B.Quliyevin İP-dən çıxmasının məqsədəuyğun olduğu qərarına gəlib: “Siyasi Şuranın iclasında müzakirələrdə belə qərara gəlindi ki, 2010-cu ilin parlament seçkilərindən 2 ildən artıq vaxt keçib və artıq prezident seçkiləri yaxınlaşır. İctimai Palata da parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz etmək məqsədilə yaradılmışdı. Ona görə də İctimai Palatada təmsil olunmağın perspektivi yoxdur. Siyasi Şurada belə qərara gəlindi ki, İctimai Palatada qalmağımız boşuna vaxt itirməkdir. Mən də Siyasi Şuranın qərarına hörmət edərək İctimai Palatadan çıxdığımı bəyan etdim. Siyasi Şuranın seçkilərlə bağlı qərarı isə belə oldu ki, CXP heç bir bloka qoşulmasın və partiyanın özünün təmsilçisi prezidentliyə namizəd olsun”.

B.Quliyev prezidentliyə özünün namizəd olacağının gözlənildiyini dedi: “Bu barədə hələ qərar yoxdur. Amma qarşıdakı müddətdə məsələ müzakirə edilərək qərar veriləcək”.

“Sizin bu günlərdə İctimai Palatanın rəhbərliyinə avtomobil biznesinizə hakimiyyətin mane olduğu, maşınlarınızın gömrükdən buraxılmadığını söylədiyiniz və istefanıza da biznesinizə maneələrin səbəb olduğu bildirilir. İstefanızda bu amil rol oynayıbmı?” sualına B.Quliyev belə cavab verdi: “Mən bizneslə məşğulam. Daim də müxalif mövqeyimə görə problemlərlə qarşılaşıram. Amma İctimai Palatadan istefamın səbəbi bu deyil. Səbəbini bayaq açıqladım. Mən öz hüquqlarımı müdafiə eləməyi bacaran adamam. Özünüz də görəcəksiniz ki, mənim siyasi fəaliyyətimlə bağlı yaxın zamanlarda ciddi addımlarım olacaq. Bir daha görəcəksiniz ki, dediyiniz maneələrdən çəkinən şəxs deyiləm”.