Bu gün prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunu təsdiq edib. 

Qaynarinfo xəbər verir ki, qanunla bir sıra yerlərdə siqaret çəkmək qadağan edilib və həmin yerlərin siyahısı təqdim edilib. Tanınmış hüquqşünas, ekspert Ərşad Hüseynov bildirib ki, qadağan edilən yerdə siqaret çəkməyə görə məsuliyyət (30 manat cərimə) də var. Lakin bu cərimə dərhal tətbiq edilməyəcək: "Bunun üçün İnzibati Xətalar Məcəlləsində  dəyişikliklər etmək lazım olacaq”.

Qeyd edək ki, 10-cu maddəsinə tütün çəkilməsinə icazə verilməyən yerlər qeyd edilib:

10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

10.1.5. ticarət obyektlərində;

10.1.6. məişət obyektlərində;

10.1.7. sosial xidmət müəssisələrində;

10.1.8. yerləşdirmə vasitələrində;

10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

10.1.10. uşaq meydançalarında;

10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

10.1.17. taksafonlarda;

10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində; 

10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində. 

10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. 

10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. 

10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.