Ölkə 19:11 16.07.2013

III ixtisas qrupunda dörd nəfərdən maksimal nəticə - 700 bal

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. 

“Qafqazinfo” TQDK-nın saytına  istinadən xəbər verir ki, nəticələr komissiyanın rəsmi saytına yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

TQDK müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal keçid balını aşağı salıb. Müsabiqəyə keçid balı əvvəlcədən nəzərdə tutulduğu kimi 300 deyil, 250 bal müəyyənləşdirilib. Qeyd olunan nəticəni göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola da bilər.

Beləliklə, III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində   dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.   

10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.

İxtisas seçimi avqustun 6-dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.  

Qeyd edək ki, iyulun 14-də respublikanın 11 şəhərində III ixtisas qrupu üzrə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində qəbul imtahanları keçirilib. İmtahanlarda iştirak üçün 28939 abituriyent sənəd vermişdi.