Siyasət 16:24 03.04.2013

İki diaspor lideri “Milyarderlər ittifaqı” ilə bağlı müraciəti təkzib etdi

Azərbaycan hakimiyyətinin “Milyarderlər ittifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına və onun liderlərinə qarşı hücumlarını kəskin pisləyən müraciətlə bağlı Rusiyadan reaksiyalar gəlib. Müraciəti imzaladıqları deyilən iki diaspor lideri “Yeni Müsavat” qəzeti ilə əlaqə saxlayaraq bəyan ediblər ki, onların həmin müraciətdən xəbərləri olmayıb və adlarının orada yer almasını mətbuatdan eşidiblər. Xəbər verildiyi kimi Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporalarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadənin adından göndərildiyi deyilən müraciəti bir gün əvvəl azadlıq.info saytı yayıb. Həmin müraciətdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər yer alırdı və ÜATİ-yə, onun üzvlərinə qarşı aparılan kampaniya pislənilirdi. Müraciətdə həmçinin ÜATİ-nin rəhbəri olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumunun həbsi də kəskin pislənilirdi.

Lakin belə məlum olur ki, müraciətə imza atdığı bildirilən azı iki diaspor liderinin bu məsələdən xəbəri yoxdur. Dünən redaksiyamızla əlaqə saxlayan “Samara vilayəti azərbaycanlıları Liqası”nın İdarə heyətinin sədri Şirvan Kərimov bu müraciətdən xəbərsiz olduğunu bildirib. Onun göndərdiyi yazılı bəyanatda bildirilir: “ Son iki gün ərzində Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən hörmətli “Yeni Müsavat” qəzetinin saytında Rusiyanin diaspor təşkilatları rəhbərlərinin adından “Azərbaycan ictimaiyyətinə müraciət” çap olunub. Müraciəti imzalayanlar arasında mənim də adım göstərilib. Məzmunundan asılı olmayaraq deməliyəm ki, bu müraciət mətnindən xəbərim yoxdur, onu heç kim mənə göstərməyib, mənimlə müzakirə etməyib və buna görə mən onu imzalaya bilməzdim. İmzamın saxtalaşdırlmasını mənə qarşı yönəlmiş təxribat sayıram. Rəhbərlik etdiyim Samara təşkilatı öz işində Rusiya qanunlarını rəhbər tutur və buna görə də qonşu ölkədə - bu ölkə tarixi vətənimiz olsa da -  gedən siyasi proseslərə qarışmağı həm Rusiya, həm Azərbaycan qanunvericiliyinə zidd sayıram”. Məlum oldu ki, Ş.Kərimov məsələni araşdırıb və müraciəti Nijni Novqoroddakı diaspor lideri V.Kərimovun təşkil etdiyini öyrənib. Adını onun xəbəri olmadan müraciətə daxil etdiklərinə görə o V.Kərimova kəskin etiraz bildirib.

Daha sonra Tatarıstandakı  diaspor təşkilatının lideri Sübhan Əhədzadə redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, o müraciət barədə  Bakıda eşidib: “Mən aprelin 2-də səhər təyyarə ilə  Bakıya gəlmişəm. Təşkilati işlər var, onunla məşğulam, Diaspor işləri üzrə Dövlət Komitəsində də olmuşam. Bu müraciətdən heç xəbərim də olmayıb və onu imzalamamışam. Müraciət barədə eşidəndə şoka düşdüm. Nijno Novqorodla, Vidadi ilə (Bu regiondakı diaspor lideri Vidadi Abbasov.-red) ilə əlaqə saxlayıb soruşdum ki, bu nə məsələdir? Niyə mənim xəbərim olmadan adımı ora yazmısınız? O etiraf etdi ki, müraciətin altına mənim adımı özləri yazıblar, amma bunu izah edə bilmədi”. S.Əhədzadə bildirdi ki, müraciətdə əksini tapan məsələlər onu maraqlandırmır və belə intirqalarlara qarışmır . “Mən milli-mədəni muxtariyyətin işləri ilə (AzerRos) məşğulam, Tatarıstanda tədbirlərimiz var, onu hazırlayıram. Rusiyadakı Azərbaycan diasporunun parçalanması məni çox narahat edir. İki dəfə bu məsələ ilə bağlı Moskvaya, Abbas müəllimə etiraz məktubu da yazmışam” deyə S.Əhədzadə bildirib.

Qaynar.info