Siyasət 18:18 17.05.2013

“İki ölkə arasında vəziyyət gərgindir” - MÜNASİBƏT

Ərəstun Oruclu: “Bu, artıq NATO-nun prosesə qoşulması ilə nəticələnəcək”

“Faktiki olaraq, qarşılıqlı müəyyən zorakılıq aksiyaları baş verir. Bu, dövlət, silahlı qüvvələr səviyyəsində olur. Əlbəttə ki, bu gün Suriya Türkiyə münasibətləri son dərəcə gərgindir”.

Bunu Qaynar.info-ya “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. 

Onun sözlərinə görə, iki ölkə arasında vəziyyət bir növ müharibə öncəsi təsirini bağışlayır: “Bilirsiz ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan səfərdədir. Həmin səfər zamanı onun verdiyi bəyanatlardan biri də o oldu ki, Türkiyə ABŞ-ın Suriya siyasətini tam dəstəkləyir. Ehtimal etmək olar ki, münasibətlər bir qədər də gərginləşsin. Çünki Vaşinqtonun Suriya siyasətinin konturları bəllidir. Ağ Ev və onun Avropadakı, NATO-dakı partnyorları Əsəd rejiminin siyasi arenadan çəkilməsini tələb edirlər. Görünür, Əsəd rejimi də sona qədər müqavimət göstərməkdə israrlıdır. Bu siyasəti dəstəkləyən, Suriyaya qonşu olan Türkiyə bu ölkə ilə münasibətdə birmənalıdır. Bir neçə gün əvvəl Ərdoğan ABŞ telekanallarından birinə müsahibəsində bildirdi ki, Suriyaya qarşı hərbi əməliyyatlar olarsa, Türkiyə NATO və ABŞ təyyarələri üçün hava məkanını açacaq. Bundan başqa da xarici işlər naziri analoji bəyanatla çıxış etdi. Bu fonda münasibətlər gərgindir. Gərgin olması da təbiidir”.


Ə.Oruclu suriyalı nazirin “Türkiyə Suriya ilə müharibə edəcək gücdə deyil” fikrinə də münasibət bildirib: “Suriya Azadlıq Ordusunun qarşısında acizdir. Hazırda paytaxtın müxtəllif rayonları uğrunda döyüşlər gedir. Təbii ki, bu bəyanat məsuliyyətsiz və qeyri-real bəyanatdır. Amma yenə də deyirəm, bu terror aktında Suriya izi tapılarsa, istisna etmirəm ki, Türkiyə Suriyaya ordusuna qarşı genişmiqyaslı hava zərbələri endirə bilər. Təbii ki, bunun da nəticəsində müharibə ola bilər. Mən bunu Suriya-Türkiyə müharibəsi adlandırmazdım. Bu, artıq NATO-nun prosesə qoşulması ilə nəticələnəcək”.

Politoloq “ABŞ bu terror aktından Suriyaya qarşı istifadə edəcək” kimi iddiaları da ciddi qəbul etmir: “Bu genişmiqyaslı terror aktı idi. Türkiyə elə Qərb deməkdir. Qərbin öz müttəfiqini belə üsulla müharibəyə sövq etməsinə nə ehtiyac var idi?! Yəni Qərb ölkələrinin müttəfiqlik meyarları bir az fərqlidi. Bu terror aktına qədər Türkiyənin mövqeyi bəlli idi. Hesab edirəm ki, bu terror aktının hədəfi, məqsədi Türkiyəni Suriya siyasətindən çəkindirmək idi”.

İlkin
Qaynar.info