“Faktiki olaraq, qarşılıqlı müəyyən zorakılıq aksiyaları baş verir. Bu, dövlət, silahlı qüvvələr səviyyəsində olur. Əlbəttə ki, bu gün Suriya Türkiyə münasibətləri son dərəcə gərgindir”.
Bunu Qaynar.info-ya “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, iki ölkə arasında vəziyyət bir növ müharibə öncəsi təsirini bağışlayır: “Bilirsiz ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan səfərdədir. Həmin səfər zamanı onun verdiyi bəyanatlardan biri də o oldu ki, Türkiyə ABŞ-ın Suriya siyasətini tam dəstəkləyir. Ehtimal etmək olar ki, münasibətlər bir qədər də gərginləşsin. Çünki Vaşinqtonun Suriya siyasətinin konturları bəllidir. Ağ Ev və onun Avropadakı, NATO-dakı partnyorları Əsəd rejiminin siyasi arenadan çəkilməsini tələb edirlər. Görünür, Əsəd rejimi də sona qədər müqavimət göstərməkdə israrlıdır. Bu siyasəti dəstəkləyən, Suriyaya qonşu olan Türkiyə bu ölkə ilə münasibətdə birmənalıdır. Bir neçə gün əvvəl Ərdoğan ABŞ telekanallarından birinə müsahibəsində bildirdi ki, Suriyaya qarşı hərbi əməliyyatlar olarsa, Türkiyə NATO və ABŞ təyyarələri üçün hava məkanını açacaq. Bundan başqa da xarici işlər naziri analoji bəyanatla çıxış etdi. Bu fonda münasibətlər gərgindir. Gərgin olması da təbiidir”.
Şərhlər