Foto 19:27 06.03.2018

İki universal ağır atletika kompleksinin açılışı oldu (FOTO/VİDEO)

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkədə idmanın inkişafına öz töhfəsini verməkdə davam edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması çox böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin açılışları da atılan addımlar çərçivəsindədir.

Mart ayının 5-də, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF iki şəhər – Sumqayıt və Bakıda universal ağır atletika komplekslərinin açılışını edib.
Sumqayıtda Heydәr Əliyev prospekti, 18-ci məhəllə, 37A ünvanında yerləşən Kompleksin açılış mərasimində AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.
 
Lent kəsiləndən sonra qonaq və rəsmi şəxslərə Kompleks barədə məlumat verilib, məkanın işi ilə tanış ediliblər. Qeyd olunub ki, burada eyni anda 50-yə yaxın ağır atlet və digər güc idman növləri – bodibildinq, pauerliftinq, krossfit və başqaları – idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Kompleksdə paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.