Siyasət 09:59 07.05.2013

İlham Əliyev Bakıda Foruma qatıldı


Azərbaycanda Cənubi Qafqaz Forumu başlayıb

Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Cənubi Qafqaz Forumu başlayıb. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva də iştirak edir.

İki gün davam edəcək foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacaq.

***

İlham Əliyev: “Ərazilərimizin işğaldan azad olunmasını istəyirik”

“Bu gün Ermənistan və Azərbaycan arasında davam edən münaqişə regionda sülhə, sabitliyə ciddi təhlükədir”.

Bunu Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycan təbii olaraq bu münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində təmin etmək istəyir: “Beynəlxalq hüquqa uyğun olaraq ərazilərimizin işğaldan azad olunmasını istəyirik”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən 7 rayon işğal altındadır: “Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələr erməni silahlılarının həmin ərazilərdən çıxmasını tələb edir. Təəssüf ki, həmin qətnamələr 20 ildən çoxdur, yerinə yetirilmir”.

Prezident bildirib ki, buna baxmayaraq, Azərbaycan öz siyasətinə sadiq qalacaq və dövlətin daha da güclənməsi davam edəcək: “Biz iqtisadi siyasi islahatlarımızı davam etdirəcəyik. Çünki nə qədər güclü olarıqsa, münaqişəni bir o qədər tez aradan qaldıra bilərik”.

Dövlət başçısı Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında münasibətləri regional əməkdaşlığın ən yaxşı nümunəsi kimi xarakterizə edib: “Təəssüf ki, Cənubi Qafqazda üçüncü dövlət olan Ermənistanla münasibətlər gərgin vəziyyətdədir. Bu münasibətlərin normal səviyyəyə gəlməsi üçün Ermənistan regionda işğalçılıq siyasətinə son qoymalıdır”.


APA